Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) hazırlıq çərçivəsində Azərbaycanda qəbul edilən AZS ISO 20121:2026 “Tədbir davamlılığının idarəetmə sistemləri” dövlət standartının idman tədbirlərində tətbiqinə dair ilk məlumatlandırma sessiyası keçirilib.
İdman.Biz xəbər verir ki, aprelin 23-də WUF13 Azərbaycan Əməliyyat Şirkəti ilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) əməkdaşlığı çərçivəsində “Futbol təşkilatçılığı sahəsində tədbirlərin davamlı idarə edilməsi” mövzusunda seminar təşkil olunub.
Tədbirdə AFFA-nın işçi heyəti, eləcə də Peşəkar Futbol Liqası (PFL), Futbolun İnkişafı Fondu (FİF), Misli Premyer Liqası və I Liqa klublarının nümayəndələri iştirak ediblər.
Açılışda çıxış edən AFFA-nın baş katibinin müavini Kamran Vəliyev mayın 17-22-də WUF13-ün Bakıda keçiriləcəyini bildirib və bu tədbirin davamlı inkişaf və müasir idarəetmə prinsiplərinin tətbiqi baxımından əhəmiyyətini vurğulayıb.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi Gülşən Rzayeva isə idmanın şəhərsalma planlamasında mühüm rol oynadığını qeyd edib.
Bildirilib ki, AZS ISO 20121:2026 standartı tədbirlərin dayanıqlılıq prinsiplərinə uyğun planlaşdırılması üçün institusional çərçivə yaradır və həm ekoloji, həm də idarəetmə baxımından müsbət təsir göstərir.
Qeyd edək ki, WUF13 tədbiri Bakı Olimpiya Stadionunda mövcud infrastrukturdan istifadə edilməklə, ekoloji və inklüziv prinsiplər əsasında təşkil olunacaq.
