Amil Yunanov: “Səbəbi mən yox, “Səbail”in baş məşqçisi bilir” - MÜSAHİBƏ

Müsahibə
4 Yanvar 2024 18:39
944
Amil Yunanov: “Səbəbi mən yox, “Səbail”in baş məşqçisi bilir” - MÜSAHİBƏ

“Kəpəz”in yeni transferi Amil Yunanovun İdman.bizə müsahibəsi

- Transferin rəsmi açıqlanmasa da, “Kəpəz”lə danışıqları müsbət yekunlaşdırmısan. “Səbail”i Gəncə təmsilçisinə dəyişmək qərarını necə dəyərləndirərdin?

- “Kəpəz” köklü klubdur və yaxşı azarkeş ordusuna sahibdir. Burda futbolu sevirlər. İnanıram ki, mən və “Kəpəz” üçün hər şey daha uğurlu olacaq.

- Premyer Liqada liderlər sırasında qərarlaşan “Səbail”i audsayderə dəyişməklə nəsə itirdiyini demək olar?

- “Səbail” turnir cədvəlində orta sıralarda gedir. “Kəpəz” son pillələrdə olsa da, zəif komanda deyil. Elə bir şey itirdiyimi düşünmürəm. Mənim üçün yaxşı olacaq. Daha çox oynamaq şansı qazanacam.

- “Səbail”də karyeranın alınmamasını nə ilə əlaqələndirərdin?

- Orada normal şans qazanmadım ki, deyim, oyunum alınmadı. Meydanda olduğum matçlara baxsaq, yaxşı təsir bağışladığımı düşünürəm. Kubok qarşılaşmalarında oynadım və qollar vurdum. Ehtiyatdan qoşulduğum matçlarda da maksimumu etməyə çalışdım. Sadəcə, çox şans qazanmadım, onun da səbəbini mən yox, “Səbail”in baş məşqçisi bilir. Komandada verilən şanslardan maksimum istifadə etdiyimi düşünürəm.

-“Kəpəz”in hazırkı durumunu necə qiymətləndirirsən?

- Hazırda klub “Qəbələ” ilə birlikdə sonuncu pillələrdə qərarlaşıb. İnanıram ki, ikinci dövrədə daha yaxşı olacaq və “Kəpəz” bu vəziyyətdən çıxacaq. Çünki Gəncə təmsilçisi son sıralarda olmağa layiq komanda deyil.

- Yeni klubunda əsas hədəfin nə olacaq?

- Əsas hədəfim komandaya maksumum kömək etmək, klubun uğurları üçün əlimdən gələni etməkdir. Özüm üçün də daha yaxşı olacağına inanıram.

Emin Ağa
İdman.biz