Azərbaycanın “Vest Hem”ləri - TƏHLİL

Təhlil
4 Yanvar 2024 14:07
560
Azərbaycanın “Vest Hem”ləri - TƏHLİL

İngiltərə Premyer Liqasının dünən keçirilən oyununda "Brayton"la qolsuz heç-heçə edən "Vest Hem"in qeyri-adi seriyası qırılıb. London klubu 5 il 4 ay, yəni 64 aydan sonra evdə qolsuz oyun keçirib.

İdman.biz Azərbaycan çempionatlarının "Vest Hem"in 101 oyundan ibarət seriyasına bənzər göstəricilərini təqdim edir.

Üç turdan bir
İlk öncə cari mövsümün arxada qalan hissəsinə nəzər salaq. İki dövrənin 18 turunda cəmi 6 matç qolsuz başa çatıb. 90 oyundan 84-də isə ən azı bir qol vurulub. Bir sözlə, qarşılaşmaların 6,67 faizi 0:0 hesabı ilə nəticələnib. Orta hesabla hər üç turda bir belə görüş keçirilib.

"Sumqayıt" və digərləri
Altı belə oyunun yarısı "Sumqayıt"ın meydanında baş tutub. "Gənclik şəhəri" təmsilçisi "Turan Tovuz", "Qəbələ" və "Zirə" ilə matçlardan "səssiz" ayrılıb. Samir Abasovun komandası kimi "Səbail", "Kəpəz" və "Zirə"nin də evdə ən azı bir qolsuzluğu var. Digər 6 klub isə Misli Premyer Liqasının 2023/24 mövsümündə öz meydanında azarkeşlərə ən azı bir qol nümayiş etdirib.

Ötən mövsümün mükafatçıları
Ümumiyyətlə, "Sumqayıt"la "Zirə" cari mövsümdə ən çox 0:0 edən komandalardır. Hər iki klub üç belə matç keçirib. Öz meydanında belə görüşü olmayan "Turan Tovuz", "Araz-Naxçıvan" və "Qəbələ" rəqib meydanında qol vurmadan xal qazanmağı bacarıb. Yalnız üç komandanın 2023/24 mövsümündə bütün qarşılaşmalarında qol vurulub. Maraqlıdır ki, bunlar ötən çempionatın mükafatçılarıdır. "Qarabağ", "Sabah" və "Neftçi"nin iştirak etdiyi hər oyunda qol vurulub.

"Turan Tovuz" 27-yə çatıb
Premyer Liqada ikinci mövsümünü keçirən "Turan Tovuz"un evdəki seriyası diqqət çəkir. 2022-ci ilin yayından elitada çıxış edən qərblilər indiyədək heç vaxt evdə qolsuz oynamayıb. Bu komandanın tarixindəki bütün ev görüşlərində azarkeşlər tərəflərdən birinin fərqlənməsinə şahid olublar. Bu, Premyer Liqamızda davam edən ən uzun analoji seriyadır.

"Şəmkir"in Azərbaycan rekordu
1992-ci ildən keçirilən ölkə çempionatlarının bu göstəricidəki mütləq rekordu "Şəmkir"ə məxsusdur. Artıq tarixin yaddaşına köçən (hazırda ikinci liqada çıxış edən "Şəmkir" həmin klubun xələfi sayılmır) ikiqat ölkə çempionunun ardıcıl 65 ev oyununda qol qeydə alınıb. 1997-ci ilin sentyabrında başlayan seriya 6 il sonra elə eyni ayda bitib. 2015-ci ilin noyabrından 2020-ci ilin martında qədər olan müddətdə 64 ev görüşündən qolsuz ayrılmayıb. 50 səddini aşan üçüncü belə seriya "Qarabağ"dadır. Ağdam klubunun 2000-ci ilin mayından 2005-ci ilin noyabrına qədər olan müddətdəki 54 oyununda qol vurulub.

Vüqar Xeyrullayev
İdman.biz

Məqalədə: