Ayxan Hüseynov: “Çalışacağıq ki, üçüncü pilləni heç kimə verməyək”

15 Aprel 2026 16:57
259
Ayxan Hüseynov: “Çalışacağıq ki, üçüncü pilləni heç kimə verməyək”

“Bizi çətin oyun qrafiki gözləyir”.

Bu sözləri “Turan Tovuz”un futbolçusu Ayxan Hüseynov deyib.

Yarımmüdafiəçisi komandasının çempionatdakı çıxışını dəyərləndirib.

“Hazırda çempionatdakı vəziyyətimiz yaxşıdır. Ümid edirəm ki, bunun davamı da gələcək. İndi hər oyuna maksimum ciddi yanaşmalıyıq ki, üçüncü pilləni heç kimə verməyək. İnşallah, elə də olacaq. Həmişə komandama maksimum kömək etməyə çalışıram. Bunun qol və ya assist olması fərq etmir. Son oyunda çıxışım yaxşı alındı. Əlimdən gələni edəcəyəm ki, növbəti matçlarda da yaxşı performans göstərim”, - deyə o, offsideplus.az-a açıqlamasında deyib.

Azərbaycan milli komandasının “FIFA Series 2026” beynəlxalq turnirindəki oyunları zamanı forma şansı qazanan Hüseynov debütünü dəyərləndirib:

“Millidəki ilk çıxışımın uğurlu keçdiyini düşünürəm. Çox sevincli idim. Oyunlar da uğurlu oldu və ardıcıl iki qələbə qazandıq. Hər şey çox yaxşı keçdi. Komanda yoldaşlarımla daha yaxından tanış oldum. Bəziləri ilə əvvəllər şəxsən tanış deyildim, indi isə onları daha yaxından tanıdım. Həmçinin heyətlə də tanış oldum. Hər şey qaydasında idi. Yenə də milliyə dəvət olunmağı çox istəyirəm. Bunun üçün klubda yaxşı performans göstərməliyəm. Ona görə də hazırda bütün diqqətimi klubuma yönəltmişəm”.

Qeyd edək ki, “Turan Tovuz” növbəti oyununu aprelin 17-də “Araz-Naxçıvan”a qarşı keçirəcək.

İdman.Biz