“İmişli”nin serbiyalı yarımmüdafiəçisi: “Son iki turu gözləmək istəməzdim” - MÜSAHİBƏ

11 Aprel 2026 18:08
172
“İmişli”nin serbiyalı yarımmüdafiəçisi: “Son iki turu gözləmək istəməzdim” - MÜSAHİBƏ

“Bizi son yeddi oyun gözləyir”.

Bunu “İmişli”nin serbiyalı yarımmüdafiəçisi Nikola Karaklaiç futbolinfo.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- Növbəti oyununuz “Qəbələ”yə qarşı olacaq. Şansları necə dəyərləndirirsiniz?

- Biz imkanlarımızın maksimumunu ortaya qoymalı və xallar qazanmalıyıq. Düşüncəmiz məhz bu olmalıdır. Özümüzə inanmalı və mövsüm ərzində nümayiş etdirdiyimiz birliyi yenidən göstərməliyik.

- Mövsümün qalan matçlarında “İmişli”nin hədəfi nə olacaq?

- Bizi son yeddi oyun gözləyir. Konkret məqsədlər haqqında danışmaq istəmirəm, lakin mümkün qədər çox xal toplamaq və mövsümü sakit bir mühitdə başa vurmaq fikrindəyik. Turnir cədvəlində yerimizin müəyyənləşməsi üçün son iki oyunu və ya son turu gözləmək istəməzdim. İnanıram ki, daha erkən mərhələdə cədvəldə təhlükəsiz mövqeyimizi təmin edə bilərik.

- Serbiyanın müxtəlif klublarında oynamısınız. Azərbaycan və Serbiya liqaları arasında hansı fərqlər var?

- İlk fərq ondan ibarətdir ki, Serbiyada klublar gənc oyunçulara daha çox şans verirlər. Hər transfer dövründə gənc futbolçular milyonlar dəyərində transferlərlə klublarını tərk edirlər. Keyfiyyət baxımından isə hər iki ölkədə səviyyə yaxşıdır. Həmçinin ötən ilədək Serbiya çempionatı Avropada 12-ci liqa hesab olunurdu. Ümumilikdə hər iki liqa yaxşı və maraqlıdır.

İdman.Biz