Təbii ki, bu, bir günün problemi deyil. Millimizin qapıçıları potensial baxımından kifayət qədər güclüdürlər, lakin hazırkı durumları o qədər də ürəkaçan deyil.
İdman.Biz-in məlumatına görə, bu sözləri Azərbaycan millisinin sabiq qapıçısı Cahangir Həsənzadə yerli qolkiperlərin vəziyyəti barədə danışarkən deyib.
O, AZƏRTAC-a açıqlamasında bildirib ki, Premyer Liqa klublarında legioner qapıçılara daha çox üstünlük verilir:
“Legioner limiti ləğv olunduqdan sonra baş məşqçilər əcnəbi qapıçılara daha çox şans verirlər. Xüsusilə turnir cədvəlində ilk “beşlik”də yer alan komandaların heyətində bunu aydın görmək mümkündür. Bu isə yerli qapıçıların rəqabət aparmasını çətinləşdirir. Aşağı yaş qruplarında kifayət qədər perspektivli və istedadlı oyunçular var. Lakin onlar yüksək hədəflər uğrunda oynayan komandalarda əsas heyətdə şans qazanmaqda çətinlik çəkirlər. Bu da müəyyən mənada başadüşüləndir. Çünki komandalar nəticəyə oynayır və məşqçilər daha çox hazır oyunçulara üstünlük verirlər”.
Mütəxəssisin sözlərinə görə, bu amillər yerli qapıçıların inkişaf tempinə təsir edir: “Belə şəraitdə onların peşəkar səviyyəyə keçidi bir qədər ləngiyir. Halbuki stabil nəticə üçün komandada ən azı iki yüksəksəviyyəli qapıçı olmalıdır. Bu isə klubun daxili siyasətindən asılıdır”.
Veteran qapıçı qeyd edib ki, bəzi oyunçuların inkişafına zədələr də təsir göstərir: “Məsələn, Şahruddin Məhəmmədəliyev karyerasının ən yaxşı dövründə zədə ilə üzləşdi. Ümumilikdə isə qapıçılarımız rəqabətə davam gətirə bilsələr, avrokuboklar uğrunda mübarizə aparan klublarda da özlərinə yer tapa bilərlər”.
C.Həsənzadə Azərbaycan qapıçılarının ölkə xaricində çıxış etməsinin vacibliyini də vurğulayıb: “Kamran Ağayev və Şahruddin Məhəmmədəliyev kimi qapıçılarımız müəyyən dövrlərdə legioner həyatı yaşayıblar. İstərdim ki, bu say daha çox olsun. Avropada oynamaq futbolçuların inkişafına ciddi təsir göstərir. Orada rəqabət və tələbkarlıq daha yüksəkdir”.
O, milli komanda ilə bağlı fikirlərini də bölüşüb: “Əsas yığmada məsuliyyət daha böyükdür. Qapıçılarımızın bəziləri klublarında stabil çıxış etmədiyi üçün onların real vəziyyətini daha çox təlim-məşq toplanışlarında qiymətləndirmək mümkündür. Hesab edirəm ki, hər biri verilən şansı layiqincə dəyərləndirə bilər”.
