“Karvan-Yevlax”da ab-hava pozulub, düşərgədə müəyyən gərginliyin yaşandığı bildirilir.
İdman.Biz sport24.az-a istinadən xəbər verir ki, bölgə təmsilçisinin bəzi təcrübəli futbolçularının son oyunlarda bilərəkdən gözlənilən səviyyədən aşağı çıxış edir.
Müxtəlif mənbələrə əsasən, bu halın arxasında bir sıra amillərin dayana biləcəyi ehtimal olunur. Komanda daxilində baş verən proseslər, psixoloji faktorlar və mümkün kənar təsirlərin nəticələrdə əks olunduğu istisna edilmir.
Məsələ burasındadır ki, klub rəhbərliyi növbəti mövsümdə də baş məşqçi Füzuli Məmmədov ilə əməkdaşlığı davam etdirmək niyyətindədir. Hətta komanda Birinci Liqaya düşəcəyi təqdirdə belə, rəhbərlik eyni mütəxəssislə davam edərək heyəti yeniləməyi və “Karvan-Yevlax”ı yenidən elitaya qaytarmağı planlaşdırır.
Bununla yanaşı, klubun mövqeyi açıq şəkildə onu göstərir ki, cari mövsümdəki uğursuz nəticələr rəhbərliyin strateji hədəflərinə və iddialarına zərrə qədər təsir etməyib. Əksinə, klub prezidenti uzunmüddətli inkişaf kursuna sadiq qaldığını nümayiş etdirir.
Qısa müddət ərzində görülən işlər bunu açıq şəkildə təsdiqləyir: cəmi bir il ərzində, süni də olsa, ot örtüyünün bərpa edilərək komandanın öz meydanına qaytarılması, stadion kompleksində yeni tribunanın və təbii ot örtüyünün inşasına start verilməsi, uşaq akademiyasının əsaslı şəkildə yenidən qurulması, köhnə bazanın faktiki olaraq sıfırdan təmir olunması və əlavə iki yeni meydançanın salınması bu strategiyanın real təzahürüdür.
Bu fonda komandanın hazırkı nəticələri xüsusilə seleksiya aspektindən daha qabarıq şəkildə müzakirə olunur. Heyətin formalaşdırılması zamanı verilən qərarların effektivliyi sual altına düşür və ortaya çıxan mənzərə göstərir ki, mövcud nəticələr təkcə meydandakı performansla deyil, eyni zamanda seleksiya prosesindəki yanaşmalarla da birbaşa bağlıdır. Bu isə təbii olaraq, bu məsələyə cavabdeh olan şəxslərin qərarlarının yenidən qiymətləndirilməsini gündəmə gətirir.
Məlumata görə, Məmmədov mövsümün sonunda heyətdə ciddi dəyişikliklər etməyi nəzərdə tutur. Bu perspektiv isə bəzi futbolçular arasında narahatlıq yaradıb.
Beləliklə, meydandakı nəticələrin yalnız idman amilləri ilə deyil, həm də komanda daxilindəki münasibətlər, qərar gözləntiləri və xüsusilə seleksiya siyasəti ilə əlaqəli ola biləcəyi ehtimalı gündəmdədir.
