“Mövsümün əvvəlindən indiyənə qədər birinci pillədəyik. İstəyirik mövsümün sonuna kimi belə də davam etsin”.
Bu sözləri “Şəfa”nın futbolçusu Tərlan Quliyev bildirib.
Təcrübəli müdafiəçi, komandanın kapitanı geridə qalan 19 tur barədə fikirlərini bölüşüb.
“Məncə, Birinci Liqada hələ belə hal yaşanmayıb ki, hansısa komanda əvvəldən sona qədər ilk pillədə olsun və çempionatı məğlub olmadan bitirsin. Yaxşı kollektivimiz var. Baş məşqçi Elgiz Kərəmlinin komandadan ayrılacağı və onu Aftandil Hacıyevin əvəz edəcəyi barədə məlumatlar nə dərəcədə doğrudur məlumatım yoxdur. Elgiz müəllimin komanda üçün etdikləri göz qabağındadır. Bildiyim qədər komanda çempion olsa, baş məşqçi və köməkçilərinin müqaviləsi avtomatik olaraq yenilənir. Kollektivə ötən mövsümün ortalarında gəlmişik. Ondan sonra uduzmamışıq. Bu, möhtəşəm göstəricidir. Premyer Liqada “Qarabağ” kimi komanda “Kəpəz”ə məğlub olur. Yəni, futbolda məğlubiyyətlər qaçılmazdır”, - deyə sport24.az-a açıqlamasında deyib.
Qeyd edək ki, bu nəticədən sonra “Şəfa” Birinci Liqada 45 xalla liderliyini davam etdirir.
