Rüstəm Əhmədzadə: “Aramızda liderliyi üzərinə götürə biləcək futbolçu yoxdur” - MÜSAHİBƏ

26 Mart 2026 10:43
116
Rüstəm Əhmədzadə: “Aramızda liderliyi üzərinə götürə biləcək futbolçu yoxdur” - MÜSAHİBƏ

“Qeyd etdiyim kimi hər oyunda qələbə qazanmaq üçün nəsə çatmır. Yaxşı futbolçularımız var”.

Bunu Azərbaycan millisinin və “Sumqayıt”ın futbolçusu Rüstəm Əhmədzadə sport24.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- Yığmanı qarşıda ”FIFA Series - 2026” turnir çərçivəsində iki oyun gözləyir. Bu matçlar barədə fikirlərini bilmək istərdik.

- Hər kəs - istər azarkeşlər, istər məşqçilər, istərsə də ətrafımızda olanlar bizdən qələbə gözləyir. Özümüz də özümüzdən bunu istəyirik. Baxımlı oyunla hər iki görüşdən qalibiyyətlə ayrılıb xalqımızın milliyə inamını qaytarmağı düşünürük. Bu iki qarşılaşma bizim üçün əla şansdır.

- Millinin düşərgəsində ab-hava necədir?

- Düşərgədə super atmosfer var. Ayxan Abbasovun gəlişi ilə millidə yüksək ab-hava formalaşıb. Ölkənin əsas komandasına dəvət alan futbolçular düşərgəyə çox həvəslə gəlirlər. Hamı xoşbəxtdir. Böyük istəklə məşq edir, komandamızın uğur qazanacağına inanıriq. Yığmaya dəvət almaq istənilən futbolçu üçün böyük şərəfdir. İnanırıq ki, qarşıdakı hər iki görüşdə xalqımızı qələbə ilə sevindirəcəyik.

- Bir qədər “Sumqayıt” barədə danışaq. Formasını geyindiyiniz komanda qış fasiləsindən sonra “qara zolağ”a düşüb. Artıq neçə oyundur ki, qələbə üzünə həsrət qalmısız...

- Açığı, bu suala cavabım yoxdur. Daha doğrusu, cavab tapmaqda çətinlik çəkirəm. Müəyyən xırda detallar var ki, onlar üst-üstə gələndə böyük problemlər ortaya çıxır. Qalib gəlmək üçün hər dəfə nəsə çatmır. Qışdan sonra belə zəif görünməyimiz hamımızı məyus edir. Fasiləyə qədər bizdə hər şey alınırdı. Həm oyun, həm də nəticə var idi. Özümə də maraqlıdır ki, niyə bu vəziyyətə düşdük...

- Sizcə, komandanın “qara zolaq”dan çıxması üçün nə çatmır?

- Qeyd etdiyim kimi hər oyunda qələbə qazanmaq üçün nəsə çatmır. Yaxşı futbolçularımız var. İstək və əzmkarlıq da öz yerində. Uğurlu nəticə qazanmaq üçün rəhbərlik də əlindən gələni edir. Təəssüf ki, hər dəfə nəsə düz getmir, nəsə alınmır. 3-4 oyun ardıcıl uğursuzlu olanda komandanın üzərində təzyiq də yaranır ki, bu da hardasa sözünü deyir. Bəzən bəxt də bizdən üz döndərir. Məsələn “Karvan-Yevlax”la görüşdə mən penaltini qola çevirə bilmədim. Dəqiq olsaydım, oyunun taleyi demək olardı ki, həll olunacaqdı.

- Premyer Liqanın aşkar autsayderi ilə görüşdə bəxtdən şikayətlənmək nə dərəcədə doğrudur? Bəlkə “Sumqayıt”ın futbolçularında xarakter çatmır? Çətin anlarda məsuliyyəti boynuna götürən, komandanı arxasınca aparan lider futbolçu yoxdur...

- Bəlkə də... Bilirsiniz ki, əksər futbolçular ötən yay bu komandaya qoşulub. Uyğunlaşmaq üçün müəyyən vaxt tələb olunur. Bəlkə də bu üzdən aramızda liderliyi üzərinə götürə biləcək futbolçu yoxdur.

- Komandanın uğursuzluğunda baş məşqçinin günahlandırmaq olar?

- Vurğuladığım kimi, hər xırda detalın təsiri var.

İdman.Biz