“Xankəndi”nin futbolçusu: “Qarşıda “altılıq” oyunları var, rahatlaşmaq olmaz”

25 Mart 2026 13:22
121
“Xankəndi”nin futbolçusu: “Qarşıda “altılıq” oyunları var, rahatlaşmaq olmaz”

İkinci Liqanın 19-cu turunda “Xankəndi” səfərdə “Göygöl”ü 5:0 hesabı ilə məğlub edib. Qarabağ təmsilşisinin qələbəsində əsas pay sahiblərindən olan Emin Quliyev qarşılaşmanı dəyərləndirib.

Matçda dubl edən hücumçu bunları deyib.

“Çox yaxşı oyun alındı. Həm qələbə qazandıq, həm də bunu məhsuldar nəticə ilə reallaşdırdıq. Vurduğum iki qolla bu qələbədə pay sahibi olduğum üçün sevinirəm. İlk qolu vurana qədər xeyli çətinlik çəkdik. Ancaq hesab açılandan sonra nisbətən rahat oldu, xüsusilə ikinci hissədə qolları sıralamağa başladıq. Baxmayaraq ki, fasilədən sonra bir neçə qol imkanını dəyərləndirə bilmədim. Bu texniki çatışmazlıqlar üzərində işləməliyəm.

Liqada vurduğum qolların sayını 6-ya çatdırdım. Kuboku da bura əlavə etdək, 8 qol vurmuşam. Əslində, mövsümün əvvəlində bombardir yarışına qoşulmağı düşünürdüm. Amma indi çempionatın elə yeridir ki, hər kəs komandanın nəticəsinə köklənməlidir. Boşluqlar vermək olmaz. Kompakt oynamalıyıq. Belə davam etsək, sonda çempionluğu bayram edə biləcəyik. Qarşıda ”altılıq” oyunları var. Rahatlaşmaq olmaz”, - deyə o, fanat.az-a açıqlamasında bildirib.

İdman.Biz