“Qarabağ”da Mateuş Koxalskini Andrey Sinenka əvəz edəcək?

25 Mart 2026 11:09
106
“Qarabağ”da Mateuş Koxalskini Andrey Sinenka əvəz edəcək?

“Qarabağ” yayda komandadan ayrılmaq istəyən Mateuş Koxalskiyə əvəzedici axtarır.

Satılması planlaşdırılan polşalı qolkiperlə yanaşı, əsas heyətə düşməkdə çətinlik çəkən, məşqçilərin ümidini doğrultmayan Fabian Buntiçin də gedişi gündəmdədir. Bu səbəbdən baş məşqçi Qurban Qurbanov iki qapıçı transferi planlaşdırır.

Artıq namizədlərdən biri bəllidir. “İmişli”nin qapıçısı Andrey Sinenkanın “Qarabağ”ın maraq dairəsində olması ilə bağlı xəbərlər dünəndən tirajlanır. Oyunçunun meneceri Dmitri Xlebosolov mümkün danışıqların aparıldığını istisna etməyib. “İmişli” ilə müqaviləsi mövsümün sonunda başa çatacaq qapıçının gələcəyi ilə bağlı məsələyə yayda aydınlıq gələcək.

Xəbəri dəqiqləşdirmək üçün futbolinfo.az Sinenka ilə əlaqə saxlayıb.

Belaruslu qolkiper isə hazırkı mərhələdə danışmaq istəmədiyini bildirdi: “Üzr istəyirəm, hazırda bu mövzu ilə bağlı heç bir şərh vermirəm”.

Qapıçının xəbəri təkzib etməməsi onun həqiqət payını artırır. Deməli, yeni mövsümdə Sinenkanı “Qarabağ”da görmək ehtimalı kifayət qədər yüksəkdir.

İdman.Biz