İslam Kərimov: “Anatoli Banişevskinin xatirə turnirinin məqsədi uşaq futbolunun inkişafını artırmaqdır”

18 Mart 2026 13:25
88
İslam Kərimov: “Anatoli Banişevskinin xatirə turnirinin məqsədi uşaq futbolunun inkişafını artırmaqdır”

“Neftçi” və Rusiyanın “Dinamo” (Moskva) klubunun birgə təşkilatçılığı ilə Anatoli Banişevskinin xatirəsinə həsr olunacaq “Bakı Kuboku”nu keçirməkdə məqsəd uşaq futbolunun inkişafını artırmaqdır.

Bunu Bakı təmsilçisinin aşağı yaş qrupları üzrə koordinatoru İslam Kərimov deyib.

O, turnirin Azərbaycan futbolunun əfsanəvi hücumçusu Anatoli Banişevskinin xatirəsinə həsr olunduğunu xatırladıb.

“Bu il Anatoli Banişevskinin 80 illik yubileyidir. Bu gün isə “Neftçi”nin yaranmasından 89 il keçir. Biz uşaq futbolunun inkişafını artırmaq məqsədi ilə beynəlxalq turnir təşkil etmək niyyətindəydik. Belə qərara alındı ki, bunu Bakıda gerçəkləşdirək və Anatoli Banişevskinin xatirəsinə həsr edək. Bu, “Neftçi” klubunun təşəbbüsü ilə baş tutdu. Ölkə xaricindən 5 komanda yarışa qatılacaq. Daha əvvəl “Neftçi”nin baş məşqçisi olmuş Yuri Kuznetsovun oğlu Aleksandr Kuznetsov Moskva “Dinamo”sunu ölkəmizə gətirir”, - deyə o, report.az-a açıqlamasında bildirib.

İ.Kərimov “Bakı Kuboku”nun final oyununa “Neftçi”nin sabiq futbolçuları, Rusiyada oynamış və Banişevski ilə birlikdə çıxış etmiş veteran oyunçuların çağırıldığını söyləyib:

“Bunlar Kazbek Tuayev, İsgəndər Cavadov, Maşallah Əhmədov, Oktay Abdullayev, Asif Əliyev, Asim Xudiyev, Vladislav Qədirov, Tərlan Əhmədov, Arif Əsədov, Nazim Süleymanov və Vəli Qasımovdur. Turniri yüksək səviyyədə təşkil etməyi planlaşdırırıq. Qonaqlarımız Anatoli Banişevskinin məzarını ziyarət edəcəklər. Bütün iştirakçıların “Neftçi” - “İmişli” oyununa tribunadan baxması üçün şərait yaradacağıq. Həm də Novruz bayramı olduğu üçün adət və ənənələrimizlə onları tanış edəcəyik”.

Xatırladaq ki, 2015-ci il və daha kiçik təvəllüdlü futbolçular arasında təşkil olunacaq turnir martın 19-dan 21-dək “Palms Sports” Futbol Mərkəzində baş tutacaq.

“Neftçi” B qrupunda “Dinamo (Voronej, Rusiya), “Göztəpə” (Türkiyə) və “Qarabağ” ilə mübarizə aparacaq. A qrupunda isə “Dinamo” (Moskva), “Beşiktaş” (Türkiyə), “Kayrat” (Qazaxıstan) və “Ulduz” komandaları yer alıblar. “Neftçi” martın 19-da “Dinamo” (Voronej) və “Qarabağ”, 20-də isə “Göztəpə” ilə qarşılaşacaq.

Reqlamentə uyğun olaraq, martın 20-də A qrupunun qalibi B qrupunun ikincisi ilə, B qrupunun qalibi isə A qrupunun ikincisi ilə üz-üzə gələcək. Qruplarda 3-cü və 4-cü yeri tutan komandalar da eyni prinsip əsasında oyunlar keçirəcəklər.

Turnirin son günü – martın 21-də 7-ci, 5-ci və 3-cü yerlər uğrunda oyunlar, eləcə də final görüşü keçiriləcək. Həlledici matçdan sonra mükafatlandırma mərasimi təşkil olunacaq. “Bakı Kuboku” beynəlxalq turnirinin bütün oyunları “Neftçi” TV vasitəsilə canlı yayımlanacaq.

İdman.Biz