“Qarabağ”ın yarımmüdafiəçisi: “Karyeramda ilk cərimə zərbəsi qolum idi” - MÜSAHİBƏ

5 May 2026 13:09
162
“Qarabağ”ın yarımmüdafiəçisi: “Karyeramda ilk cərimə zərbəsi qolum idi” - MÜSAHİBƏ

“Düşünmürəm ki, bu məğlubiyyətlər bizə mənfi təsir edir”.

Bunu “Qarabağ”ın yarımmüdafiəçisi Leandro Andradenin “Turan Tovuz”u 2:1 hesabı ilə məğlub etdiyi Misli Premyer Liqasının 30-cu tur matçından sonra sportnet.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- Görüş haqda təəssüratlarınızı bölüşərdiniz...

- Yaxşı və vacib qələbə idi. Cədvəldə çox yaxın idik və onların çətin rəqib olacağını bilirdik. Düşünürəm ki, yaxşı kökləndik və belə komandaya qalib gəlmək üçün məhz bu lazım idi.

- Möhtəşəm qol vurdunuz…

- Bəli, xoşbəxtəm. Bu, karyeramda ilk cərimə zərbəsi qolum idi, əvvəllər vurmamışdım. Sevinməyimdən də göründüyü kimi, çox sevindim. Həm də hesabı açan qol idi, yəni vacib qol oldu. Komandaya kömək etdiyim üçün şadam.

- Beş dəqiqəyə iki qol vurmağınıza baxmayaraq, “Qarabağ” sanki qolları bir az gec vurur. Sizcə, bu, “Neftçi”yə məğlubiyyətlə bağlıdır?

- Düşünmürəm ki, bu məğlubiyyətlər bizə mənfi təsir edir. Əksinə, uduzduğumuz oyunlardan dərs çıxarmağa çalışırıq. Çətin bir dövr keçirdik, səhvlərimizi analiz edib daha yaxşı olmağa çalışırıq. Gec qollar məsələsinə gəlincə, bilirdik ki, onlar çox güclü müdafiə olunan komandadır. Hər komanda onlara iki qol vura bilmir. Onları da yaxşı oyun münasibətilə təbrik edirəm.

- Bu qələbədən sonra xallar “Turan Tovuz”dan uzaqlaşdı. Növbəti oyun üçün bu sizə əlavə motivasiya verəcək?

- Bəli. Artıq çempion ola bilməyəcəyimizi bilirik. Ona görə də ikinci yeri qorumağa çalışmalıyıq. Eyni zamanda bu oyunları öyrənmə prosesi kimi də istifadə edirik, çünki növbəti mövsümdə qazanmaq istədiyimiz daha çox yarış olacaq və bu proses indidən başlayır.

- Növbəti oyunda “Qəbələ” ilə qarşılaşacaqsınız. Onlar turnir cədvəlində aşağı pillələrdə olsa da, bu oyunu asan qələbə hesab etmək olar?

- Xeyr, qətiyyən. Onlar çox təhlükəli komandadır. Hücumda sürətli oyunçuları var, baş məşqçiləri də çox yaxşıdır. Yaxşı hazırlaşmış komandadırlar. Bilirik ki, çətin səfər oyunu olacaq.

- Onların “Zirə” ilə oyununa baxmısınız?

- Bəli, məşqdən sonra oyunun son dəqiqələrini izlədik. Onlar da qolu sonda vurdu, buna görə çətin olacağını bilirik.

-Cərimə zərbələrini məşqlərdə işləmişdiniz?

-Bəli, bəzən məşqlərin sonunda fərdi işləmək üçün vaxtımız olur və bu kimi epizodları da çalışırıq.

- Bu qələbədən sonra Avropa Liqası uğrunda əsas namizəd olduğunuzu düşünürsünüz?

- Hazırda ən yaxın rəqibdən altı xal öndəyik və yaxşı şansımız var. Amma hələ heç nə rəsmiləşməyib. Rəsmiləşənə qədər nə etməli olduğumuzu bilirik.

İdman.Biz