Samir Abasov: “Fasiləyə yaxşı əhvalda gedirik”

Xəbərlər
23 Dekabr 2023 22:43
167
Samir Abasov: “Fasiləyə yaxşı əhvalda gedirik”

“Ciddi mübarizə, sıx oyun getdi. Bu mövsümün demək olar, ən mübarizəli oyunu oldu”.

İdman.biz xəbər verir ki, bunu “Sumqayıt” baş məşqçisi Samir Abasov deyib.

Azərbaycan Premyer Liqasının XVIII turunda “Səbail”i 1:0 hesabı ilə məğlub edən komandanın çalışdırıcısı qış fasiləsinə yüksək əhval ruhiyyədə gedəcəklərini bildirib: “Xoşdur ki, qələbə qazandıq və fasiləyə yaxşı əhvalda gedirik. Azarkeşlərə təşəkkür edirəm, bizi tək qoymadılar. Futbolçuları təbrik edirəm. Oyuna qələbə üçün çıxmışdıq. Bu halda edəcəyin bir səhv futbolçunu təsir altına sala bilərdi. Bunun öhdəsindən gəldilər".

Samir Abasov fasilədə komandanın hazırlıq planı ilə bağlı suala cavab verib. O, hər hansı dəyişikliklərin olma ehtimalını da təkzib etməyib: “Biz əvvəlcədən planları qurmuşduq. Noyabrdan. Deyəsən, "Qəbələ" də getməyəcək. Turdan-tura eşidirsən ki, hansısa komanda getmir. Qətiyyətlə gedəcəyimizi demirəm. Şəraitimiz də o qədər pis deyil. Meydançalar da var. Şəiraitimiz əladır. Bəlkə getmək fikrindən daşındıq. Orada qurduğumuz planlar da bəzən alınmır. Məsələn, 8-də oyun danışmışıq, zəng edirlər ki, həmin komanda gəlmir. Gərək başqa klubla danışaq. Sabah eşitsəz ki, "Sumqayıt" da getmir, təəccüblənməyin”.

Qeyd edək ki, turu qələbə ilə başa vuran "Sumqayıt" 27 xalla turnir cədvəlinin 3-cü pilləsinə yüksəlib.

İdman.biz