Azərbaycan futbol millisinin baş məşqçisi Ayxan Abbasov UEFA Millətlər Liqasında Litva üzərində qazanılan 1:0 hesablı qələbədən danışıb.
İdman.Biz xəbər verir ki, mütəxəssis qarşılaşmadan sonra futbolçularının meydanda xarakter göstərdiklərini bildirib.
“Qələbə qazandıq, mübarizəli oyun oldu. Futbolçularıma təşəkkür edirəm. Həqiqətən, son oyundan sonra bizim üçün çətin idi. Bilirdik ki, bu qarşılaşma əsasdır və burada qələbə qazanmaq çox önəmli idi. Futbolçular bu gün vuruşdular, xarakter göstərdilər. Meydanda həm gənc, həm də təcrübəli futbolçular var idi. Qələbə üçün, belə demək mümkünsə, canlarını verən futbolçular gördük. Azarkeşlərə və rəhbərliyə təşəkkür edirəm, hər gün yanımızda oldular”.
Abbasov qarşıda Lixtenşteynlə səfər matçının qaldığını xatırladıb:
“Bilirsiniz ki, son oyunumuz qalıb. Lixtenşteynlə səfər qarşılaşmasında mütləq qalib gəlməliyik. Amma qələbədən əlavə, futbolçularda bu ruhu görmək xoşdur”.
Baş məşqçi sıx oyun qrafikinin komandaya təsir etdiyini də vurğulayıb:
“Dörd oyun keçirmək həqiqətən çox güc tələb edir. Bu gün futbolçular yaxşı xarakter göstərdilər. Yorulsalar da, meydandan çıxmaq istəmirdilər. Hətta deyirdilər ki, daha beş dəqiqə də oynaya bilərik. Mahir Emrelini xüsusi qeyd edə bilərəm. Sonda müdafiəçi mövqeyində oynayırdı. Bu, başqa bir hissdir - uduzmamaq istəyidir. Dörd oyunun hamısında çıxış etməsinə və yorulmasına baxmayaraq, müdafiəyə çəkildi. Futbolçular bu formanın dəyərini bilirlər və bu, məni sevindirir”.
Abbasov millidə ilk oyununu keçirən Oruc Məmmədovun performansından da razı qaldığını deyib:
“Orucun ilk oyunu idi. Bu, onun üçün unudulmaz gün olacaq. Məncə, gözlədiyimizdən də yaxşı çıxış etdi. Bilirik ki, böyük risk olsa da, gənclərə şans vermək lazımdır. Hər dəfə bir, iki, üç gənc meydana çıxsa, bu, milli komanda üçün önəmli olacaq. Bəlkə də Oruc bir il əvvəl milli komandada əsas heyətdə oynayacağını xəyal etmirdi. Futbol gözlənilməz sürprizlərlə doludur, hazır olmaq lazımdır”.
Mütəxəssis komandanın son oyunlardakı məğlubiyyətsiz seriyasına da toxunub:
“Əsas odur ki, komandaya inam gəlsin. Dörd oyundur məğlub olmuruq və bu, önəmlidir. İki qarşılaşmada heç-heçə etmişik, amma həmin oyunlarda da qalib gələ bilərdik. Futbolçularda inam artıb. Özümüzə yaxın səviyyədə olan rəqiblərlə başabaş mübarizə aparmalı, çəkinməməli və xarakter göstərməliyik. Bu, gələcək turnirlərdə bizə kömək edəcək”.
