Ukraynanın “Bukovina” futbol komandasında çıxış edən azərbaycanlı hücumçu Renat Dadaşov ölkə Premyer Liqasının 13-cü turunda “Veres”ə qarşı keçirilən görüşdə iştirak edib. Qarşılaşma onun komandasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
İdman.Biz xəbər verir ki, Rovnoda yerləşən “Avanhard” stadionunda keçirilən matça Dadaşov əsas heyətdə başlayıb.
Hesabı 21-ci dəqiqədə meydan sahibləri açıblar. “Bukovina”nın müdafiəçisi Edvin Odinakanın səhvindən sonra Andre Qonsalveşin zərbəsi dirəyə dəyib, ardınca top qapıçı German Penkovun belinə toxunaraq tora daxil olub.
İkinci hissədə qonaqlar oyunun gedişini dəyişiblər. 50-ci dəqiqədə Vitali Qruşa hesabı bərabərləşdirib. 63-cü dəqiqədə Yevgeni Pidlepenets “Bukovina”nı önə keçirib. Cəmi bir dəqiqə sonra Danilo Kravçuk fərqi iki topa çatdıraraq yekun nəticəni müəyyənləşdirib.
Millimizin oyunçusu 60-cı dəqiqədə əvəzlənib.
“Bukovina” qələbə nəticəsində xallarını 16-ya çatdıraraq səkkizinci pilləyə yüksəlib.
Qeyd edək ki, Dadaşov zədə səbəbindən əvvəlki üç qarşılaşmanı buraxıb.
