Elmar Baxşıyev: “Komanda xarakter göstərdi”

Xəbərlər
22 Dekabr 2023 21:24
169
Elmar Baxşıyev: “Komanda xarakter göstərdi”

“Sabitlik çatmır, amma komanda meydanda daha sanballı olmağa çalışır”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Premyer Liqasının XVIII turunda “Sabah”ı 1:0 hesabı ilə məğlub edən “Qəbələ”nin baş məqşçisi Elmar Baxşıyev deyib.

Gənc mütəxəssis ilin son oyununu qələbə ilə başa vurmalarının sevindirici olduğunu bildirib. Baxşıyev komandanın hazırlıq planında dəyişiklik edildiyini və “Qəbələ”nin Türkiyəyə getməyəcəyini açıqlayıb: “Maraqlı oyun alındı. Hər iki komanda meydanda yaxşı mübarizə apardı. Oyunun dinamikası yaxşı idi. Tərəflərin hər ikisi sürətli oyuna üstünlük verdi. Komandamı təbrik edirəm. Qələbə bizim üçün önəmli idi. Amma daha da artırmalıyıq ki, sonuncu pillədən qurtulaq. İli qələbə ilə başa vurmağımız sevindiricidir. Komanda xarakter göstərdi. Ümid edirik ki, III dövrədə daha yaxşı olacağıq. Ötən mövsümdən sonra 10 futbolçu bizdən ayrıldı. Həmin heyət üç ilə formalaşmışdı. İndiki komandamız yenidir. Bəzi mövqeləri gücləndirə bilsək, daha iddialı olarıq. Fasilə ilə bağlı planımız Türkiyəyə getmək idi. Amma düşündük və Qəbələdə qalmağa qərar verdik. III dövrəyə hazırlığımızı burada davam etdirəcəyik”.

Qeyd edək ki, “Qəbələ” 14 xalla turni cədvələnin sonuncu pilləsində qərarlaşıb.

İdman.biz