Misli Premyer Liqasının beşinci turunda “Qəbələ”ni minimal hesabla (1:0) məğlub edən “Kəpəz”in baş məşqçisi Azər Məmmədov matçdan sonra keçirilən mətbuat konfransında komandasının çıxışı və mövcud durumu barədə danışıb.
İdman.Biz xəbər verir ki, mütəxəssis hər oyunda qalib gələcək qədər güclü olmadıqlarını, lakin qarşılaşmaların hamısında qələbə qazanmağı qarşılarına məqsəd qoyduqlarını bildirib.
Azər Məmmədov “Kəpəz”in güclü komanda formalaşdırması üçün vaxta ehtiyac olduğunu vurğulayıb:
“Məşqçinin kimliyindən asılı olmayaraq, güclü komanda formalaşdırmaq üçün vaxt lazımdır. Yalnız bu halda güclü və iddialı “Kəpəz”i geri qaytara bilərik”.
“Qəbələ” ilə görüşü dəyərləndirən baş məşqçi rəqibi düzgün təhlil etdiklərini və əsas futbolçularını zərərsizləşdirdiklərini qeyd edib:
“Bu gün yaxşı komandaya qarşı oynadıq. “Qəbələ”ni düzgün təhlil etmişdik və rəqibin əsas futbolçularını zərərsizləşdirdik. Yaxşı oyun nümayiş etdirdik. Hətta məğlub olsaydıq belə, komandamın çıxışından razı qalacaqdım”.
O, komandanın oyun üslubunun maliyyə imkanları ilə də bağlı olduğunu bildirib:
“Bu dəqiqə futbolda maliyyə önəmlidir. Etiraf edək ki, maliyyə yaxşı olanda daha bahalı futbolçu gətirirsən. Bizim müəyyən məbləğimiz var və bu məbləğə uyğun çox yaxşı komanda yığmışıq. O komandanın gücünə uyğun da futbol oynayırıq”.
Azər Məmmədov “Kəpəz”in hazırda hər oyunda birinci nömrə kimi çıxış etməyə hazır olmadığını deyib:
“Şamaxı” ilə bir nömrə oynamaq istəyirdik. Ancaq komandamız hazırda bir nömrə oynamağa hazır deyil. Bizə zaman lazımdır. Çempionat yeni başlayıb. Azərbaycanda heç kimə söz verə bilmərəm ki, sabah necə olacaq”.
Baş məşqçi növbəti rəqib “Sumqayıt”la oyundan əvvəl komandanın yenidən eyforiyaya qapılmasından narahat olduğunu da etiraf edib:
“Etiraf edim ki, bəli, var. Amma yaşadığımız hər gün bizim üçün təcrübədir. Həmin oyundan sonra analiz etdim ki, bəlkə burada belə etməməli idik. Bu qələbədən sonra daha da təcrübəli olmuşam. Ona görə də eyforiyaya heç kim qapılmayacaq”.
Mütəxəssis zədələnən Dioqo Verdaşkanın vəziyyəti barədə də məlumat verib. Onun sözlərinə görə, futbolçu təxminən altı həftə yaşıl meydanlardan kənarda qalacaq:
“Verdaşka altı həftəlik sıradan çıxıb. Arxa əzələsində yırtılma əmələ gəlib”.
