Azərbaycan Premyer Liqasında 15 ildən sonra rekord təkrarlandı

Xəbərlər
26 Yanvar 2026 10:57
105
Azərbaycan Premyer Liqasında 15 ildən sonra rekord təkrarlandı

Misli Premyer Liqasının 17-ci turu yeddi əcnəbi baş məşqçinin komandalarının meydana çıxması ilə yadda qalıb.

İdman.Biz Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, Valdas Dambrauskas (“Sabah”), Kurban Berdıyev (“Turan Tovuz”), Saşa İliç (“Sumqayıt”), Andrey Demçenko (“Araz-Naxçıvan”), Yuri Vernidub (“Neftçi”), Jorj Kaşkilya (“İmişli”) və Kaxaber Tsxadadzenin (“Qəbələ”) rəhbərlik etdiyi komandalar 2026-cı ilin ilk turunda oynayıb. Saşa İliç və Kaxaber Tsxadadze cəza səbəbindən görüşləri texniki zonadan kənardan izləyiblər.

Bununla da Azərbaycan çempionatları tarixində yeddi əcnəbi baş məşqçinin eyni turda komandalarına rəhbərlik etməsi ilə bağlı rekord təxminən 15 ildən sonra yenidən qeydə alınıb. Belə hal sonuncu dəfə 2011-ci ildə yaşanıb. Ümumilikdə isə bu göstərici yalnız 2008/2009 və 2011/2012 mövsümlərində müşahidə olunub.

İdman.Biz