Samir Ələkbərov: “36 ildən sonra Xankəndidə yaşadığım bazanı, oynadığım stadionu görmək...”

Müsahibə
21 Dekabr 2023 18:25
564
Samir Ələkbərov: “36 ildən sonra Xankəndidə yaşadığım bazanı, oynadığım stadionu görmək...”

“Xoş hadisədir. Mənə ən çox təsir edən 36 ildən sonra yaşadığım bazanı, oynadığım stadionu gördüm”.

Bunu İdman.biz saytına Xankəndinin “Qarabağ” klubunun sabiq futbolçusu Samir Ələkbərov deyib.

Veteran hücumçu Azərbaycan kubokunun 1/8 final mərhələsində Xankəndidə “Qarabağ” və MOİK komandaları arasında keçirilən tarixi oyunu dəyərləndirib. O bildirib ki, yenidən doğma şəhərdə olmaq böyük xoşbəxtlikdir: “Maraqlı oyun keçdi. Gözəl atmosfer var idi. Bu, şəhidlərimizin qəhrəmanlığı sayəsində reallaşıb. Hər şey üçün qazilərimizə, xalqımıza, millətimizə, dövlətimizə təşəkkür edirəm”.

55 yaşlı Ələkbərov Xankəndi stadionunda sonuncu dəfə 1987-ci ildə olduğunu xatırlayıb: “Mən hələ də o illərdə qalmışam. Arzum budur ki, burada futbol akademiyası yaradılsın və veteran futbolçular da gəlib çalışsınlar. AFFA-nın baş katibi Sərxan Hacıyevlə də görüş zamanı bu təklifi irəli sürdüm. Onlar da müsbət qarşılayaraq, belə bir planlarının olduğunu vurğuladılar. Təbii ki, bütün bunlar üçün müəyyən zaman lazımdır”.

Qeyd edək ki, “Qarabağ” MOİK-i 1:0 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib.

İdman.biz