İqor Ponomaryov: “MOİK qalib gəlsəydi, daha yaxşı olardı”

Müsahibə
21 Dekabr 2023 17:10
732
İqor Ponomaryov: “MOİK qalib gəlsəydi, daha yaxşı olardı”

“Bu bayramdır, biz Xankəndindəyik. Prezidentin dediyi kimi, öz torpağımızdayıq. Yaşasın Qarabağ! Bu, əlbəttə ki, superdir”.

Bunu İdman.bizə futbol üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi, “Sabah”ın Müşahidə Şurasının üzvü İqor Ponomaryov Xankəndində keçirilən tarixi “Qarabağ” – MOİK oyununu dəyərləndirərkən deyib.

Bakı təmsilçisinin rəsmisi bildirib ki, o, “hərbçilər”in qalib gəlməsini istəyirmiş: “MOİK qalib gəlsəydi, daha yaxşı olardı. Əks təqdirdə, növbəti oyunu “Qarabağ”a qarşı keçirməliyik. Ona görə də bu oyuna fərqli tərzdə baxdım”.

Ponomaryov oyunun məhz Xankəndidə baş tutmasını sevinc hissi ilə qarşıladıqlarını vurğulayıb: “Bura gələn hər kəs – Maşallah Əhmədov, İsgəndər Cavadov, Asim Xudiyev, sonrakı nəsilin oyunçuları - Mahmud Qurbanov, İlqar Qurbanov, Tərlan Əhmədov, Yunis Hüseynov - hamımız bu, heyrətamiz hadisəni yüksək qiymətləndiririk”.

Millinin sabiq baş məşqçisi Xankəndi stadionunda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən, onun idmançılara göstərdiyi isti münasibətdən də danışıb: “Heç birimiz cənab Prezidentin diqqətindən kənarda qalmırıq. O, yanımıza gəldi, hamımızla görüşdü, xatirə şəkli çəkdirdi. İlham Əliyev bizə uğurlar arzuladı, biz də öz növbəmizdə ona cansağlığı, hər şeyin ən yaxşısını dilədik. Prezidentin idmançılara olan diqqəti, doğrudan da qürurvericidir. O, daxili, eləcə də xarici siyasətdə Azərbaycan üçün çox şey edir. Biz onunla yalnız və yalnız fəxr edirik”.

Qeyd edək ki, MOİK-i 1:0 hesabı ilə məğlub edən “Qarabağ” Azərbaycan kubokunun 1/4 finalında “Sabah”a rəqib olub.

İdman.biz