Aut atışlarının ustası Bakıda futbolçulara məşq keçdi

Xəbərlər
16 Yanvar 2026 17:49
73
Aut atışlarının ustası Bakıda futbolçulara məşq keçdi

Aut atışları üzrə tanınmış futbol mütəxəssis Tomas Qronnemark “Sabah” komandası ilə məşq keçib.

İdman.Biz xəbər verir ki, danimarkalı məşqçi bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Qronnemark bildirib ki, Bakıdakı məşqlər onun üçün unudulmaz təcrübə olub:

“Bu həftə Azərbaycanda “Sabah” klubu ilə çalışdım. Bu, mənim üçün həm böyük şərəf, həm də ömür boyu yadda qalacaq bir təcrübədir. Klubda mənə ailə üzvü kimi münasibət göstərildi. Komandaya “Uzun, sürətli və ağıllı aut atışları’’ fəlsəfəm əsasında məşqlər keçdim. Proses aşağı, orta və yüksək çətinlik səviyyələri ilə yanaşı, müxtəlif intensivlik balansı üzərində qurulmuşdu. Bütün bunlar mənim doqquz sahədən ibarət “Mürəkkəblik–İntensivlik modeli”mə uyğun şəkildə təşkil olunmuşdu”.

50 yaşlı mütəxəssis Bakı haqqında da müsbət fikirlərini bölüşüb:

“Bakı doğrudan da möhtəşəm şəhərdir. Burada tarixi və müasir memarlığın harmoniyası, mehriban insanlar, zəngin mətbəx və dənizkənarı mühit xüsusi təsir bağışlayır. Bakıda hələ olmamısınızsa, mütləq gəlməyinizi tövsiyə edirəm. Məni aut atışları üzrə məşqlər keçmək üçün dəvət etdiyinə görə ‘Sabah’ klubuna təşəkkür edirəm”.

Qeyd edək ki, Tomas Qronnemark daha əvvəl Yurgen Kloppun rəhbərliyi altında “Liverpul”da çalışıb. O, həmçinin “Atletiko Madrid”, “Borussiya Dortmund”, “Ayaks” kimi tanınmış klublarla əməkdaşlıq edib. Hazırda isə “Arsenal”la işləyir.

İdman.Biz