“Bu cür məğlubiyyətlər dünyanın istənilən çempionatında olur”.
“Səbail”in baş məşqçisi Adil Şükürov komandasının Birinci Liqanın 12-ci turunda çempionatın sonuncusu “Şimal”a evdə 3:4 hesabı ilə uduzmasından sonra yaranmış “danışılmış oyun” iddiası barədə danışıb.
A.Şükürov AFFA-nın bu matçın araşdırılmasının tərəfdarıdır.
“Bu cür məğlubiyyətlər dünyanın istənilən çempionatında olur. Sadəcə bütün rəqiblərə qarşı ciddi yanaşılmalıdır. Bu oyundakı məğlubiyyət arxayınçılığın nəticəsi idi. Birinci Liqada turnir cədvəlindən asılı olmayaraq bütün rəqiblər bir-birilərini məğlub edə bilərlər. Biz klub olaraq bu cür fikirlərin klubumuzun imicinə mənfi təsir olduğunu başa düşürük və araşdırmanın da olmasının tərəfdarıyıq”, - deyə o, sportal.az-a açıqlamasında bildirib.
Birinci Liqa klubunun çalışdırıcısı kollektivin Premyer Liqaya vəsiqə qazanmaq şanslarını da dəyərləndirib: “İlk hədəfimiz Premyer Liqaya geri qayıtmaqdır. Fərqi yoxdur, istər pley-off, istərsə də çempionluq yolu ilə olsun...Səhv etmirəmsə pley-off matçı bir görüşdən ibarətdir. Kubok oyunlarında I liqa komandalarının Premyer Liqa təmsilçilərinə qarşı necə oynadıqlarının şahidi olduq, hər şey mümkündür”.
