Tarixin səhifələri - TƏHLİL - VİDEO

Təhlil
17 Dekabr 2023 10:18
798
Tarixin səhifələri - TƏHLİL - VİDEO

Avrokubokların qrup mərhələsinin bu həftə keçirilən son turu Azərbaycan futbol tarixinə daha bir səhifə əlavə olunması ilə yadda qaldı.

İdman.biz xəbər verir ki, Avropa Liqasının VI turunda “Hekken”i 2:1 hesabı ilə məğlub edən “Qarabağ” qrupda ikinci yerini qorudu.

Qurban Qurbanovun yetirmələri bununla da turnirin pley-offuna adladı. Azərbaycan çempionu ölkə futbolu tarixinə qitənin ikinci dərəcəli klub turnirində qrupdan çıxan ilk komanda kimi düşdü. Avrokubok tariximiz belə irili-xırdalı ilklər və uğurlarla zənginləşməkdə davam etdi.

“Turan”la Avropaya

Hər şey 29 il əvvəl başladı. 9 avqust 1994-cü il... Azərbaycan çempionu “Turan” isti yay günündə Türkiyədə “Fənərbaxça”nın qonağı oldu. UEFA kubokunda oynayan təmsilçimiz İstanbulda 0:5 uduzsa da, bu, tarixi bir an idi. İlk dəfə Azərbaycan klubu avrokubok həyəcanı yaşayırdı. Tovuz təmsilçisi bu tarixi ölkə çempionu olmaqla qitə səhnəsinə vəsiqə qazanaraq yazdı. Müstəqilliyin ilk iki çempionu – “Neftçi” və “Qarabağ”dan fərqli məhz tovuzlular Avropa tariximizin ilk səhifəsinə imza atdı.

Süleymanovdan ilk

İlk qolu bir il gözləmək lazım gəldi. Bir komandayla təmsil olunduğumuz ilk mövsüm qol həsrəti yaşandı. 22 avqust 1995-ci il... “Kəpəz” Avstriya paytaxtı Vyanada “Austriya”ya müqavimət belə göstərə bilməsə də, Yadigar Süleymanovun qolu tarixi bir ilklə yadda qaldı. 1:5 hesabı ilə uduzan təmsilçimizin futbolçusu avrokuboklarda ilk qolumuzun müəllifi oldu.

İlk xalın sahibi

Çempionat matçlarından fərqli kubokda xalların hesablanması prinsipi olmasa da, bu, avrokuboklara aid deyil. Çünki qitəmiqyaslı turnirlərdə hər xal reytinq üçün önəm daşıyır. 24 avqust 1995-ci il... Həmin gün Azərbaycan üçün ilk avrokubok xalı ilə əlamətdar oldu. Ardıcıl 5 məğlubiyyətə üzülən azərbaycanlı azarkeşlər “Neftçi”nin Kipr APOEL-i ilə Bakıdakı qolsuz heç-heçəsi ilə təsəlli tapmışdı. Ada təmsilçisi ilə 28 il əvvəlki duellər həm də Kuboklar kubokundakı debütümüz idi. Axı artıq Avropaya iki klubla çıxmışdıq.

Avropada ilk qələbə

1996/97 mövsümü Avropaya üçüncü çıxış idi. İlk qələbə də məhz həmin vaxta təsadüf etdi. 17 iyul 1996-cı ll... Azərbaycanın ən köklü klubu olan “Neftçi” Bakıda Sofiya “Lokomotiv”ini məğlubiyyətə uğratdı – 2:1. Bu qələbə səfərdə böyük hesabla uduzan komandamızın mərhələ keçməsinə kifayət etməsə də, UEFA kubokundakı uğur ilk kimi tarixə yazıldı.

Çempiona “yaşıl işıq”

Tez-tez avrokubokların formatını dəyişən UEFA-nın növbəti addımı Azərbaycan çempionu üçün də sərfəli oldu. İlk üç ildə Çempionlar Liqasına buraxılmayan ölkəmiz 1997/98 mövsümündə burada da debüt etdi. 23 iyul 1997-ci il... “Neftçi” Polşa “Vidzev”i ilə ev matçında iki cavabsız qol buraxdı. Amma bu matç qitənin ən nüfuzlu klub turnirindəki debütlə əlamətdar oldu.

Müşfiqin dubluyla uğur

1998/99 mövsümündə daha bir turnirdə - İntertoto kubokunda da təmsil olunmağa başlayan Azərbaycan üçün Avropadakı klublarının sayı 4-ə qalxdı. Lakin mərhələ adlamaq sevincini yaşamaq üçün gözləmək lazım idi. 27 iyun 1999-cu il... “Qarabağ” Bakıda Hayfa “Makkabi”sinə 0:1 hesabı ilə uduzdu. Lakin bütün ölkə futbolsevərləri bunu bayram kimi qarşıladı. Bu da səbəbsiz deyildi. Səfərdə Müşfiq Hüseynovun dublu ilə 2:1 hesablı qələbə qazanan “Qarabağ” Avropada tur adlayan ilk Azərbaycan klubu olmuşdu. İlk 5 mövsümdə həsrət qalınan uğur İntertoto kubokunda əldə edildi.

210 dəqiqənin sonundakı sevinc

Ötən əsrin son ili daha bir uğurla əlamətdar oldu. Azərbaycan klubu ilk dəfə Çempionlar Liqasında mərhələ adladı. 19 iyul 2000-ci il... Latviyada 1:2 hesablı məğlubiyyət alan “Şəmkir” Bakıda “Skonto”nu qəbul etdi. Futbol tariximizə ilk böyükhesablı qələbəni yazan qərblilər əlavə vaxtdakı iki topla tarixi uğura imza atdı – 4:1. Bu gün Avropada, İtaliyada özündən söz etdirən Xviça Kavaratsxeliyanın atası Badri Kvaratsxeliya həmin görüşdəki üç qolla avrokuboklarda ilk het-trikimizin müəllifi kimi də adını tarix yazdırdı.

“Karvan”la başlayan karvan

Bu gün Avropadakı əksər uğurlarımız əvvəllər UEFA kuboku adlanan indiki Avropa Liqası ilə bağlıdır. Qitə səhnəsinə də məhz bu turnirlə çıxmışıq. Lakin həm İntertoto kuboku, həm Çempionlar Liqasında mərhələ adlayan komandalarımız uzun illər UEFA kubokunda uğur qazanmırdı. 27 iyul 2006-cı il... Bakıda Trnava “Spartak”ını 1:0 hesabı ilə məğlub edən “Karvan” Slovakiyada qonaq idi. Yevlax təmsilçisi səfərdə də eyni hesabla qalib gəldi və artıq qitənin ikinci dərəcəli klub turniri olan yarışda tarixi uğura imza atdı.

3-cü mərhələ həyəcanı

Artıq komandalarımızın Avropada bir mərhələ adlaması adiləşmişdi. Azarkeşlər daha artığını gözləyirdi. 12 iyul 2008-ci il... Həmin gün də gəldi. İlk mərhələ adlamağımız kimi, iki raund keçməyimiz də İntertoto kubokunda gerçəkləşdi. Öncə “Nitra”nı (2:0, 1:3) mübarizədən kənarlaşdıran “Neftçi” “Jerminal”ı da keçdi. Belçikadakı 1:1 hesablı bərabərlikdən sonra Bakıda bir qol da 3-cü raunda adlamaq üçün yetərli oldu.

Format dəyişikliyinin gətirdiyi yenilik

2009-cu ildə UEFA avrokubokların formatında növbəti dəyişikliklər etdi. Avropa Liqası da indiki adını aldı. Bu, Azərbaycan kimi orta və daha aşağı reytinqli ölkələr üçün yeni şansla əlamətdar oldu. Nəticə də özünü gözlətmədi. Birdən-birə iki komandamız avrokuboklatın təsnifat mərhələlərinin pley-offunda oynadı. Düzdür, “Bakı” buna Çempionlar Liqasında “Levski”yə (0:0, 0:2) uduzmaqla nail olub. “Qarabağ” isə iki mərhələ - “Rusenborq” (0:0, 1:0) və “Honka” (1:0, 2:1) sədlərini keçməklə pley-offa yüksəldi.

İlk dəfə qrupda

İki dəfə “Qarabağ”, bir dəfə “Bakı” qrup mərhələsinin bir addımlığında olsa da, pley-offu adlamaq mümkün olmurdu. 30 avqust 2012-ci il... Azərbaycan futbolunda yeni səhifə, hətta yeni fəsil açılan gün kimi unudulmayacaq. “Neftçi” Bakıda məğlub edə bilmədiyi (1:1) APOEL-i Kiprdə 3:1 hesabı ilə üstələdi. Böyükağa Hacıyevin yetirmələri bununla da Avropada qrupa düşən ilk Azərbaycan klubu kimi tarix yazdı. Artıq Avropa Liqasında əsas mərhələsində ölkəmiz də təmsil olunurdu.

İki inanılmaz mövsüm

2015/16 mövsümü Azərbaycan futbol tarixinə növbəti səhifələrin yazılması ilə əlamətdar oldu. Hələ bir il əvvəl Avropa Liqasının qrupuna düşən “Qarabağ” “Neftçi”nin açdığı yolun daimi yolçusuna çevrilmişdi. Qurban Qurbanovun yetirmələri ardıcıl ikinci dəfə əsas raunda yüksələndə artıq tək deyildi. 27 avqust 2015-ci il... “Qarabağ” Bakıda “Yanq Boyz” (1:0, 3:0), “Qəbələ” Yunanıstanda “Panatinaikos”la (0:0, 2:2) pley-offun cavab matçına çıxdı. Hər iki komandamız mərhələ adlamağı bacardı. Tarixdə ilk dəfə Azərbaycanın iki klubu Avropa Liqasının qrupuna yüksəldi. “Qəbələ” həm də 4 təsnifat mərhələsi adlamaqla tarix yazdı. Bir il sonra hər iki komandamız yenidən qrupa çıxmaqla uğuru təkrarladı. “Qəbələ” isə ardıcıl ikinci dəfə 4 tur keçən ilk Avropa klubu kimi tarixə düşdü.

Biz gəlirik, nəhənglər!

“Neftçi”, ardınca üç dəfə “Qarabağ”, iki dəfə “Qəbələ” Avropa Liqasında qrup həyəcanı yaşamışdı. Artıq növbədə Çempionlar Liqası idi. 23 avqust 2017-ci il... Bir neçə gün əvvəl “Qalatasaray” kimi Türkiyə nəhəngi “Parken”dən başıaşağı döndü. Amma 6 il əvvəl Kopenhagendəki bu stadionu “Qarabağ” fəth etmişdi. Qurban Qurbanovun komandası ilk dəfə yüksəldiyi Çempionlar Liqasının pley-offunda “Kopenhagen”i Dino Ndlovunun səfər qolu sayəsində mübarizədən kənarlaşdırdı – 1:0, 1:2. Bununla da ilk dəfə Avropa nəhənglərinin yer aldığı Çempionlar Liqasının qrupunda Azərbaycan da təmsil olundu.

Futbolumuzun ilk baharı

Çempionlar Liqasına da yol açan “Qarabağ” hər il qrupa düşməklə bu uğuru da adi hala çevirdi. Artıq Ağdam klubunun qrupda oynaması uğur deyil, normal qəbul olunmağa başlamışdı. Qurban Qurbanov və komandasından yeni tarix yazması gözlənilirdi. Bu da baş verdi. 4 noyabr 2021-ci il... Çempionlar Liqası və Avropa Liqasındakı ardıcıl 7 qrup həyəcanından sonra “Qarabağ” Konfrans Liqasında mübarizə apardı. Təmsilçimiz qrup mərhələsinin artıq IV turunda Qazaxıstanda “Kayrat”a 2:1 hesabı ilə qalib gəlməklə növbəti raundlardan birinə vəsiqəni təmin etdi. Son iki tur 1/8 final, yoxsa pley-off sualına aydınlıq gətirəcəkdi. Amma mövsümün ikinci yarısına, avrokubok baharına vəsiqə əldə edilmişdi. Bu, futbol tariximizdə növbəti nailiyyət idi.

Ən yeni tarix

Ardıcıl tarix yazması ilə seçilən “Qarabağ” hər dəfə sonrakı illərdə həmin uğurları ənənəyə çevirməsi ilə diqqət çəkir. 2021/22 mövsümündə Konfrans Liqasının pley-offuna yüksələn Ağdam klubu bir il sonra da eyni raunda vəsiqə qazandı. Bu dəfə komanda Avropa Liqasının üçüncüsü kimi ora yollandı. Avrokubok baharı da, Konfrans Liqasının pley-offu da adiləşməkdə idi. Yeni uğur lazım idi. Bu da oldu. 14 dekabr 2023-cü il... “Hekken” üzərində Bakıdakı qələbə Avropa Liqasında da baharı görmək, pley-offda oynamaq imkanı yaratdı.

İki aydan sonra

Avrokubok tariximizin əksər səhifələrinə imzasını qoyan “Qarabağ” cəmi iki ay sonra daha bir ilki reallaşdıra bilər. Bunun üçün pley-offu adlamaq, 1/8 finala yüksəlmək lazımdır. Çempionlar Liqasından gələn rəqibləri mübarizədən kənarlaşdırmaq asan deyil. Amma Qurbanov və komandası asan olmayan o qədər vəzifənin öhdəsindən gəlib ki....

Hüseyn Vaqif

İdman.biz