Ayxan Abbasov: “Mübarizədən qopmamışıq”

Xəbərlər
16 Dekabr 2023 21:32
185
Ayxan Abbasov: “Mübarizədən qopmamışıq”

“Bu gün çempionatımızın ən yaxşı komandalarından birinə qarşı oynayırdıq”

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Premyer Liqasının XVII turunda qələbə qazanan “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov deyib.

“Zirə”ni 1:0 hesabı ilə məğlub edən komandanın çalışdırıcısı son qarşılaşmalarda yaxşı oyuna baxmayaraq, qələbə qazana bilmədiklərini vurğulayıb. O, çətin yolda enişlər və yüksəlişlər olacağını bildirib: "Statistikaya baxsaq, “Zirə” ən az qol buraxan komandadır. Bu gün onların müdafiəsini yarmaq çətin idi. Futbolçularımıza inanırdıq. Bu gün meydançada taktiki savaş var idi. Rəqib də sistemini dəyişmişdi. Rəşad müəllim həmişə sürpriz etməyi xoşlayır. Azarkeşlərimizi təbrik edirəm. Son görüşlərdə yaxşı oynayırdıq, amma qələbə qazana bilmirdik. Ən böyük çatışmazlığımız odur ki, yaxşı çıxış etdiyimiz qarşılaşmalarda məğlub olurduq. Bu oyunlarda ən azı heç-heçə etsəydik rəqiblər bu qədər öndə olmazdı. Yenə də mübarizədən qopmamışıq. Qarşıda kubok matçı da var. İlin sonunda sıx qrafikdə oynamaq çətindir. Futbolçularıma inanıram. Rəhbərliklə, futbolçularla birlikdə bir yola çıxmışıq. Çətinliklər, enişlər, yüksəlişlər də olacaq. Bunu keçməliyik. Futbolçularıma da bildirmişdim ki, futbol xarakter oyunudur. Bu gün çox istəyirdim ki, qol buraxmayaq. Bu, mənim üçün vacib idi”

Qeyd edək ki, “Turan Tovuz” 19 xalla 8-ci pillədə qərarlaşıb.

İdman.biz