Murad Xaçayev: “Neftçi”də oynayan hər futbolçunun məqsədi çempion olmaqdır” - MÜSAHİBƏ

14 Sentyabr 2026 16:43
79
Murad Xaçayev: “Neftçi”də oynayan hər futbolçunun məqsədi çempion olmaqdır” - MÜSAHİBƏ

“Neftçi”də oynayan hər futbolçunun məqsədi çempion olmaqdır”.

Bunu “Neftçi”nin futbolçusu Murad Xaçayev idmanxeber.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

– “İmişli” ilə oyunu necə şərh edirsiniz? Komanda hesabda 2:0 önə keçsə də, çətinliklə qalib gəldi…

Oyuna yaxşı başladıq. Hər şey bizim planımıza uyğun gedirdi. Çox yaxşı hücumlar etdik və qol vurduq. Lakin ikinci qolu vurduqdan sonra tez qol buraxdıq. Bu da rəqibə özünəinam verdi. Birinci hissənin sonlarına yaxın qapımıza penalti təyin olundu. Açığı, məncə, orada penalti yox idi, amma hakim qərarını verdi. Bu da onlara əlavə üstünlük qazandırdı və fasiləyə hesabı bərabərləşdirərək getdilər.

İkinci hissənin əvvəlində uşaqlarla danışdıq ki, oyun yenidən başlayır. Qarşımızda 45 dəqiqə var və hər şeyi etməliyik. Meydana çıxıb oyunu qazanmalı, xal götürməliyik.

– “Neftçi” demək olar ki, hər oyunda qol buraxır. Siz də komandanın müdafiəçilərindən birisiniz. Sizcə, bunun səbəbi nədir? Müdafiənin çox yumşaq olduğu deyilir. Nəyi düzgün etmirsiniz?

Düşünürəm ki, məşqçilərimiz oyunları analiz etdikdən sonra səhvlərimizi bizə göstərəcəklər və niyə belə qollar buraxdığımızı izah edəcəklər. Çünki meydanda biz oynayırıq. Hücum zamanı çox yuxarıda və aqressiv oynayırıq. Buna görə də arxada müəyyən boşluqlar yaranır və əks-hücumlarda qollar buraxırıq.

Amma bu gün buraxdığımız qollara baxsaq, biri penalti idi, digəri isə bir qədər bəxtsizlikdən yarandı. Belə baxanda hücumlarla bizə qol vurmurlar. Daha çox öz səhvlərimizdən və ya penaltilərdən qol buraxırıq.

– Müdafiədə bəzən İqor Ribeyro ilə Elvin Bədəlov, bəzən də sənlə Qravilyon oynayır. Müdafiə xəttinin sabit olması vacibdir. Sizdə isə tez-tez dəyişikliklər olur. Bu, sizə təsir etmir?

Bilmirəm, nə deyim. Amma komandada rəqabət var və hər birimiz oynamaq istəyirik. Baş məşqçi də hər oyundan əvvəl qərar verir ki, kim meydana çıxsın. Bizim üzərimizə düşən isə məşqlərdə və oyunlarda əlimizdən gələni etmək, yaxşı performans göstərmək, komandanın qələbə qazanmasına kömək etməkdir. Biz də bunun üçün çalışırıq, amma hələ istədiyimiz səviyyədə alınmır.

– Ötən illə müqayisədə bu mövsümə daha yaxşı başlamısınız. Keçən mövsümün sonları isə sizin üçün heç də yaxşı keçmədi. Hətta bəzi azarkeşlər sizin “Neftçi”nin futbolçusu olmadığını deyirdi…

Kimlər deyirdi?

– Azarkeşlər.

Bunu deyənlər soruşmaq lazımdı. Mən həmişə çalışıram ki, komandaya maksimum kömək edim. Meydana çıxdığım oyunlarda əlimdən gələni edir, özümü yaxşı tərəfdən göstərməyə çalışıram. Bunu həm məşqlərdə, həm də oyunlarda davam etdirirəm. Mənim məqsədim özümü göstərməkdir, son qərarı isə məşqçi verir.

– Sizcə, komanda çempion ola biləcək?

“Neftçi”də oynayan hər futbolçunun məqsədi çempion olmaqdır. Bu formanı geyinirsənsə, belə bir hədəfin olmalıdır və bunu istəməlisən. Hələ çempionatın əvvəlidir. Dörd qələbəmiz, bir məğlubiyyətimiz var. Qarşıdakı oyunlarda da qələbələr qazanmalıyıq. Sonda isə çempion olmağı arzulamalıyıq.

– Azarkeşlərə çempionluq sözü verə bilərsiniz?

Azarkeşlərimizə təşəkkür edirəm. Həm evdə, həm də səfərdə bizi dəstəkləməyə gəlirlər. Uduzanda da, qalib gələndə də hər zaman yanımızdadırlar. Stadionda, xüsusilə ev oyunlarında, çox yaxşı atmosfer yaradırlar. Buna görə onlara böyük təşəkkürümü bildirirəm. Çempionluq üçün əlimizdən gələni edəcəyik.

– Siz əsasən ikinci “altılıq” komandaları ilə oyunlarda yaxşı nəticələr əldə edirsiniz. Bu mövsüm yalnız “Zirə” ilə qarşılaşmısınız və həmin oyunda da çox pis çıxış edərək məğlub olmusunuz. Bu nə ilə bağlıdır? Hələ unutmayaq ki, qarşıda “Qarabağ” və “Sabah” kimi komandalar var…

Bəli, “Zirə” ilə oyunda məğlub olmuşuq. Amma hələ bu sualı vermək üçün tezdir. Ən azı bir dövrə başa çatsın, bütün komandalarla oynayaq, ondan sonra nəticələrə baxarıq. Həmin vaxt bu suala cavab vermək daha doğru olar.

– Yəni hazırkı oyunla “Qarabağ” və “Sabah”a qarşı da qalib gələcəyinizə inanırsınız?

İnşallah, inanırıq. Onları da məğlub edə bilərik. Komandanın buna gücü var. Biz hər oyuna qələbə qazanmaq üçün çıxırıq. Rəqibin heç bir fərqi yoxdur. “Neftçi” formasını geyinən futbolçu olaraq hər oyunda qələbə hədəfi ilə oynamalıyıq.

– Milli komandanın oyunları yaxınlaşır. Dəvət gözləyirsiniz?

Hazırda bunu düşünmürəm. Mənim əsas məqsədim komandama kömək etməkdir. Çalışıram oynayım, hər oyunda özümü yaxşı tərəfdən göstərim və komandamız qalib gəlsin.

İdman.Biz