Yuri Matias: “Neftçi” "Qarabağ"dan çəkinmir”

Müsahibə
14 Dekabr 2023 12:50
746
Yuri Matias: “Neftçi” "Qarabağ"dan çəkinmir”

“Azərbaycan çempionatında məni təəccübləndirən məqam hər komandanın bir-birindən xal ala bilməsidir”.

İdman.biz xəbər verir ki, bunu “Neftçi”nin braziliyalı futbolçusu Yuri Matias deyib.

O, bu gün keçirilən mətbuat konfransında Azərbaycan derbisi barədə fikirlərini açıqlayıb. Braziliyalı müdafiəçi bildirib ki, XVII tur çərçivəsində qarşılaşacaqları “Qarabağ”ı məğlub etməyə çalışacaqlar: “Həm klub, həm azarkeşlər üçün bu oyunun çox əhəmiyyətli olduğundan xəbərdarıq. Bizim üçün də çox vacibdir. Çətin olacağını bilirik. “Neftçi” heç kimdən çəkinmir. Yaxşı oynayıb qələbə qazanmağa çalışacağıq. Mən də əlimdən gələni edəcəm”.

Təcrübəli mütəxəssis “ağ-qaralar”da gələcəyi ilə bağlı da danışıb: “Formasını geyindiyim klubların hər birində sevilmişəm. Adaptasiya da çox tez oluram. Bir neçə dildə danışıram və bu da mənə çox kömək edir. Hazırda komandamızın kapitanı var, ona böyük hörmətlə yanaşıram. Düşünürəm ki, kapitanlıq sarğım olmasa da, liderlik əsas xüsusiyyətimdir. Bir neçə il “Neftçi”də qalsam, bu vəzifəni üzərimə götürə bilərəm”.

Matias Cənubi Azərbaycanın “Traktor” klubunda karyerasının uğurlu alınmamasına da aydınlıq gətirib: “Orda cəmi 4 oyunda komandanın heyətində yer aldım və 2-də meydana çıxdım. Ondan sonra koronovirusa səbəbindən çempionat dayandırıldı. Məşq də edə bilmədim. Bu səbəbdən də Braziliyaya qayıtdım. Ardınca durumuma görə klubu tərk etdim. İranda çempionatı mənim üçün əlavə təcrübə oldum. İnsanların bənzərliyi çoxdur. Azarkeşlər oxşardır. Orada çox güclü klublar var və onlar Azərbaycanda çempionluq uğrunda mübarizə apara bilərlər”.

Qeyd edək ki, “Neftçi” “Qarabağ”la dekabrın 18-də üz-üzə gələcək.

Emin Ağa
İdman.biz