“Sumqayıt”ın ayağı sınan futbolçusu: “Klubdan kimsə vəziyyətimi soruşmayıb”

13 Dekabr 2023 15:29
1 186
“Sumqayıt”ın ayağı sınan futbolçusu: “Klubdan kimsə vəziyyətimi soruşmayıb”

“Artıq özümü daha yaxşı hiss edirəm. Hadisə anını necə var, elə də xatırlayıram, öncə şokda idim. Lakin daha sonra öz-özümə dedim ki, zamanı geri ala bilmərəm, bu, mümkün deyil”.

Bunu İdman.biz saytına “Sumqayıt”ın futbolçusu Kristian Velinovski deyib.

Azərbaycan kubokunun II təsnifat mərhələsində ayağı sınan şimali makedoniyalı yarımmüdafiəçi bildirib ki, müsbət düşünməyə və psixoloji olaraq sağalmağa başlayıb: “Təbii ki, əl çəkməyəcəyəm, əvvəlcə reabilitasiya prosesində, sonra isə məşqlərdə əlimdən gələni edəcəyəm. Futbol üçün doğulmuşam və bu idmana olan sevgim hələ də qalır. Özüm də işləməyi sevən adamam və əvvəlki kimi oynaya bilmək üçün 100 faiz yox, 200 faiz çalışacağam. Bacaracağıma əminəm”.

“Sumqayıt”ın futbolçusunun sözlərinə görə, onu zədələyən Rahid Ağazadə xəstəxanaya gəlsə də, şərəfini qoruduğu “Lerik”dən durumu ilə bağlı heç kim maraqlanmayıb: “Ağalarzadə 2 dəfə yanımda olub. Amma klubdan başqa kimsə vəziyyətimi soruşmayıb. Bu hadisə ən yaxşı olmaq yolunda kiçik bir maneə idi. Bunun öhdəsindən gələcəm”.

Qeyd edək ki, Azərbaycan kubokunun II təsnifat mərhələsində “Lerik”ə qarşı keçirilən oyunun 22-ci dəqiqəsində rəqib futbolçu Rahid Ağazadə sürüşmə fəndi zamanı ehtiyatsız davranması səbəbindən Velinovskinin ayağını sındırıb. Noyabrın 30-da əməliyyat olunan yarımmüdafiəçi 4 ay meydandan kənar qalacaq.

Emin Ağa
İdman.biz