“Qarabağ”ın akademiyasının koordinatoru: “U-19-dan daha artığını tələb etmək doğru olmaz”

Xəbərlər
23 Oktyabr 2025 20:34
47
“Qarabağ”ın akademiyasının koordinatoru: “U-19-dan daha artığını tələb etmək doğru olmaz”

“Gələcəyə nikbin baxırıq”.

Bu sözləri “Report”a “Qarabağ”ın akademiyasının koordinatoru Aftandil Hacıyev deyib.

O, komandanın ötən gün İspaniyanın müvafiq yaş qrupundan ibarət “Atletik” kollektivinə uduzduğu matçla (0:3) bağlı fikirlərini bölüşüb:

“Komanda son dəqiqəyə kimi döyüşdü. Görünən o idi ki, bundan əvvəlki matçlarda yaxşı dərs çıxarılıb. Ən azından futbolçular yaxşı mübarizə apardılar. “Atletik”in U-19 komandası UEFA Gənclər Liqasının iddialı kollektivlərindən hesab edilir. Üç oyunda maksimum nəticə göstəriblər. Evdə “Arsenal”ı (İngiltərə) 3:1, səfərdə “Borussiya”nı (Dortmund, Almaniya) 4:0 məğlub ediblər. Sürətli və texnikalı oyunçuları var”.

A.Hacıyev futbolçuların zaman keçdikcə təcrübə topladığını və yaxşı mübarizə apardığını vurğulayıb:
“Atletik”lə görüş kifayət qədər gərgin alındı. Futbolçular çox güc sərf etdilər. Onlardan daha artığını tələb etməyimiz doğru olmaz. Hər iki akademiyanı müqayisə etsək, rəqibimiz yetəri qədər öndədir. Ən azından ruh və mübarizəni görə bildik. Belə komandalarla başabaş mübarizə aparmaq üçün gənc futbolçulara diqqəti artırmalıyıq.

Oyunçularımızın belə matçlarda təcrübəsi azdır. Amma gələcəyə nikbin baxırıq. Bu cür qarşılaşmaların futbolçular və məşqçilərimiz üçün faydası çox olacaq. Oyunçulara təşəkkür edirik. Ən azından necə döyüşdüklərini gördük. Rəqibə müqavimət göstərməyə çalışdılar. Qarşıdakı oyunlarda daha yaxşı çıxış etməyə çalışacağıq”.

Qeyd edək ki, Rəşad Sadiqovun baş məşqçisi olduğu kollektiv daha əvvəl Bakıda “Kopenhagen”ə 0:5 hesabı ilə uduzub. U-19 I turda isə səfərdə Portuqaliyanın “Benfika” komandasına 1:7 hesabı ilə məğlub olmuşdu.

İdman.Biz