Azərbaycanlı futbolçu Türkiyə və Rumıniya klubları ilə danışıq aparır

Müsahibə
7 Dekabr 2023 16:12
922
Azərbaycanlı futbolçu Türkiyə və Rumıniya klubları ilə danışıq aparır

Albaniyanın “Eqnatiya” klubunun şərəfini qoruyan azərbaycanlı futbolçu Vüsal İsgəndərli komandasını dəyişə bilər.

İdman.bizin əldə etdiyi məlumata görə 28 yaşlı futbolçunun xidmətindən Türkiyə və Rumıniya klubları maraqlıdır.

Məsələ ilə bağlı əməkdaşımıza açıqlama verən İsgəndərli bildirib ki, hələlik təklifləri dəyərləndirir: “Türkiyədən oyunumu izləməyə gəlmişdilər. Danışıqlarımız oldu. Türkiyə ilə yanaşı, Rumıniya klubları da menecerimlə söhbət edib. Mən qardaş ölkəyə yollanmaq istəyirəm. Amma hazırkı komandamı azad agent kimi tərk edə bilmərəm. Biri kubok olmaqla, üç çempionat oyunumuz qalıb. Bu görüşlər bitdikdən sonra ortaq qərar verəcəyik. Həm kluba, həm də mənə sərf edəcəyi halda, transfer rəsmiləşəcək. “Eqnatiya” istəsə, yaya kimi burda qalacam”.

Qeyd edək ki, İsgəndərli 2023-cü ildə “Sumqayıt”dan “Eqnatiya”ya transfer olunub. O, Albaniya çempionatında meydana çıxdığı 15 matçda 5 qol və 2 assistlə yadda qalıb.

Emin Ağa
İdman.biz