40 ildən sonra Bakıya gələn Olimpiya mükafatçımız: “Burada yata bilmədim” - MÜSAHİBƏ

Müsahibə
26 Noyabr 2023 11:28
1 297
40 ildən sonra Bakıya gələn Olimpiya mükafatçımız: “Burada yata bilmədim” - MÜSAHİBƏ

Azərbaycan atleti, Münhen-1972 Yay Olimpiya Oyunlarında gümüş medal qazanan Aleksandr Kornelyukun İdman.biz saytına müsahibəsi

- 40 ildən sonra doğulub boya-başa çatdığınız Bakıya qayıtdınız. Hansı hissləri keçirirsiz?

- Əvvəlcə Azərbaycan Atletika Federasiyasına məni 100 illik yubileyə dəvət etdiyi üçün təşəkkür edirəm. Bu, yubiley təkcə atletikanın tarixi deyil, bir ölkənin tarixidir. Dəvət edilməyim mənə verilən dəyərin təzahürüdür. Bu şəhər üçün darıxmışdım. Təxminən 40 il olar ki, Bakıda olmurdum. Federasiyanın dəvəti sayəsində doğulub boya-başa çatdığım, təhsil aldığım və böyüdüyüm doğma şəhərimə qayıtdım. Bu zaman kəsiyində şəhər müsbətə doğru çox dəyişib. Hökumət evi ilə üzbəüz qalırdıq. Mən bura çatanda səhər tezdən idi. Hələ qaranlıq idi. Amma yata bilmədim. Doğulduğum, təhsil aldığım 160 nömrəli klassik gimnaziyanı görməyə getdim. Uşaqlıqda evdən çıxıb məktəbə getdiyim yolda yenidən yeridim. Səhər açılandan sonra isə şəhəri gördüm. Bakı inanılmaz gözəlləşib. Bu qədər dəyişiklik olacağını təsəvvür belə edə bilməzdim. Azərbaycandakı kimi ürəyə yaxın insanları mən heç yerdə görməmişəm.

- Azərbaycan Atletika Federasiyasının 100 illiyi ilə bağlı tədbir necə keçdi?

- Axşamkı tədbir çox möhtəşəm idi. Emosiyaların həddən artıq çox olduğu yığıncaq idi. Çoxdan görmədiyim insanlarla görüşmək xoş təəssüratlar yaratdı.

- Tədbir zamanı federasiya rəsmiləri ilə danışdız? Azərbaycanda atletikanın inkişafı üçün nələr lazım olması ilə bağlı məsləhətlər verdiniz?

- Ötən gün federasiyanın yeni ofisinin və bazasının açılışı oldu. İdman meydançası, qaçış maneji mövcuddur. Açığını desəm, hər gün sosial şəbəkələrdə Azərbaycan atletikasında baş verənləri izləyirəm. Atletika Federasiyasının paylaşdığı postlara, idmançıların qazandığı nəticələrə diqqət yetirirəm. Dünən isə bunun gözümlə şahidi oldum. İnkişaf gedir. Lazımı baza mövcuddur. Mənə elə gəlir ki, tezliklə güclü idmançılar olacaq. Dünya çempionatı, Olimpiya oyunlarında medallar görəcəyik. Mən şəxsən buna inanıram.

- Hazırda nə işlə məşğulsuz?

- İdman məşğuliyyətindən tamailə uzaqlaşmışam. Tamam fərqli işdəyəm. Daha çox bitkilər, onların dizaynı, qulluğu işlərilə məşğul oluram. Amma təbii ki, doğma ölkəmin atletlərinin uğurlu nəticələri olanda fəxr, qürur hissləri keçirirəm.

- Azərbaycan atletikasına arzularınız nədir?

- Yay Olimpiya Oyunlarında Azərbaycan idmançılarını qələbə sevincini üç rəngli bayraq ilə qeyd etməsini və medallar qazanmasını görmək istəyirəm.

Emin Ağa

İdman.biz