Lüksemburqda yaşayan Azərbaycan icmasının 30 üzvü Remix şəhərində keçirilən "Route du Vin" yarımmarafonunda iştirak edərək, qaçışı 27 Sentyabr - Anım Gününə həsr edib.
İdman.Biz "Report"a istinadən xəbər verir ki, yarımmarafonda Lüksemburq-Azərbaycan Dostluq Assosiasiyasının (LuxAz) üzvləri də iştirak ediblər.
Onlar, 21 km-lik məsafəni əhatə edən marafonda Vətən müharibəsinin əsas simvollarından olan Xarıbülbül təsvirli döş nişanları taxıblar. Azərbaycan icmasının nümayəndələri yarımmarafonun digər iştirakçılarına Xarıbülbülün və Anım Gününün xalqımız üçün əhəmiyyəti barədə danışıblar.
Qeyd edək ki, "Route du Vin" 1962-ci ildən bəri hər il Remixdə keçirilir və minlərlə iştirakçı toplayır. Bu il qaçış sentyabrın 27-də, ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda döyüşlərdə həlak olmuş şəhidlərimizə həsr edilən Azərbaycanın Anım Günündə baş tutub.
