Atletika üzrə ikiqat Olimpiya çempionu, sabiq idmançı Yelena İsinbayeva yenidən maliyyə problemləri ilə üzləşib.
İdman.Biz xəbər verir ki, “Baza” kanalının məlumatına görə, 44 yaşlı sabiq idmançının vergi borcuna görə 11 Rusiya bankındakı hesabları üzrə əməliyyatlara məhdudiyyət qoyulub.
Bildirilir ki, İsinbayevanın vergi orqanlarına təxminən 20 min rubl (420 AZN) borcu var. Bu səbəbdən onun bank hesabları yenidən bloklanıb.
Bu, keçmiş idmançının analoji problemlə ilk qarşılaşması deyil. 2025-ci ilin yayında da onun bank hesabları vergi borcuna görə bloklanıb. Həmin vaxt borcun məbləği 283 min rubl (5900 AZN) təşkil edib. Sonradan məhdudiyyət aradan qaldırılıb.
İsinbayevanın maliyyə problemləri bununla bitmir. Rusiyanın Ədliyyə Nazirliyi onun adını daşıyan və uşaq idmanının inkişafına dəstək məqsədilə yaradılan xeyriyyə fondunun ləğvini tələb edir.
2013-cü ildə yaradılan təşkilat uşaq və yeniyetmə idmanının inkişafına, o cümlədən sağlamlıq imkanları məhdud uşaqlar üçün idman layihələrinə dəstək verib. Lakin İsinbayevanın Rusiyadan köçməsindən sonra fondun fəaliyyəti faktiki dayanıb.
Qeyd edək ki, İsinbayeva karyerası ərzində iki Olimpiya qızılı qazanıb və dirəklə tullanma üzrə 28 dünya rekordu müəyyənləşdirib. O, son illərdə Rusiyadan kənarda yaşayır.
