Bakıda 2000-ə yaxın iştirakçı ilə “Qələbə qaçışı”na start verilib - YENİLƏNİR + FOTO/VİDEO

1 Noyabr 2026 10:23
198
Bakıda 2000-ə yaxın iştirakçı ilə “Qələbə qaçışı”na start verilib - YENİLƏNİR + FOTO/VİDEO

Bakıda Vətən müharibəsində əldə edilən tarixi Zəfərin altıncı ildönümü münasibətilə ənənəvi “Qələbə qaçışı” başlayıb.

İdman.Biz xəbər verir ki, altıncı dəfə təşkil edilən yarışda 2000-ə yaxın şəxs iştirak edir. Bu, tədbirin keçirildiyi müddət ərzində qeydə alınan rekord göstəricidir.

Açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ardınca Vətən uğrunda həyatını itirən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Dənizkənarı Milli Parkda, “Yeddi gözəl” fəvvarəsinin yaxınlığından start götürən iştirakçılar 10 kilometrlik məsafəni qət edəcəklər.

Gənclər və İdman Nazirliyi ilə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə baş tutan tədbir bu dəfə də “Qürurla irəli” şüarı altında keçirilir.

Xeyriyyə xarakterli yarışa qatılan hər bir şəxs qeydiyyat zamanı minimum 20 manat ianə edib. Yığılan vəsaitin hamısı “YAŞAT” Fonduna köçürüləcək.

Finiş xəttini ilk keçən iştirakçılar mükafatlarla təltif olunacaqlar. Yarışın ardından isə iştirakçılar və qonaqlar üçün konsert proqramı təşkil ediləcək. Səhnəyə Xalq artisti Röya, Murad Arif və digər tanınmış ifaçılar çıxacaqlar.

Qeyd edək ki, “Qələbə qaçışı” 2021-ci ildən başlayaraq hər il ənənəvi olaraq təşkil edilir.

09:35

Bu gün, noyabrın 1-də Bakıda ənənəvi “Qələbə qaçışı” təşkil olunacaq. 2021-ci ildən keçirilən yarış bu il də xeyriyyə məqsədi daşıyacaq.

İdman.Biz xəbər verir ki, Gənclər və İdman Nazirliyi ilə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə baş tutacaq tədbir “Qürurla irəli” şüarı altında keçiriləcək.

İştirakçılar Dənizkənarı Milli Parkda, “Yeddi gözəl” fəvvarəsinin yaxınlığından start götürərək 10 kilometrlik məsafəni qət edəcəklər.

Yarışa saat 10:00-da start veriləcək.

Xeyriyyə aksiyası çərçivəsində iştirakçılar qeydiyyat zamanı minimum 20 manat ianə edirlər. Toplanan vəsaitin hamısı “YAŞAT” Fonduna yönəldiləcək.

Qeyd edək ki, “Qələbə qaçışı” 2021-ci ildən etibarən ənənəvi olaraq təşkil olunur.

İdman.Biz