Venesiya marafonunda rekord iştirak - 124 ölkədən 24 min nəfər

23 Oktyabr 2026 08:24
103
Venesiya marafonunda rekord iştirak - 124 ölkədən 24 min nəfər

İtaliyanın Venesiya şəhərində keçiriləcək 40-cı marafona 124 ölkədən 24 min nəfər qeydiyyatdan keçib.

İdman.Biz xəbər verir ki, bu barədə Venesiya şəhər rəhbərliyi məlumat yayıb. Oktyabrın 25-də təşkil olunacaq yarışlarda iştirakçılar 10 kilometr, yarımmarafon və marafon məsafələrində mübarizə aparacaqlar.

Əsas marafon məsafəsinə (42,2 kilometr) 10 min 200 nəfər qeydiyyatdan keçib. Bütün qaçış festivalının iştirakçılarının 55 faizindən çoxunu əcnəbilər təşkil edir. Marafonçular arasında isə bu göstərici 70 faizə çatır.

Yarışların keçirilməsinə təxminən iki min könüllü və qaçışçılara müəyyən tempi saxlamaqda kömək edən 146 temp lideri cəlb olunacaq.

Yerli vaxtla saat 08:00-da San-Culiano parkından 10 kilometrlik qaçışa start veriləcək. Yarımmarafon saat 08:45-də Ferretto meydanından, əsas marafon isə təxminən 09:40-da Stradakı Villa Pizanidən başlayacaq.

Marafonçular Brenta çayı boyunca uzanan Rivyera-del-Brenta ərazisindən, Marqera və Mestre yaşayış məntəqələrindən keçərək Azadlıq körpüsü vasitəsilə Venesiyaya daxil olacaqlar.

Marşrutun ən maraqlı hissələrindən biri Böyük kanal üzərində qurulacaq 166 metrlik müvəqqəti ponton körpüdür. İştirakçılar San-Marko meydanından da keçəcəklər. Finiş xətti isə Riva-Sette-Martiri sahilində yerləşəcək.

Qeyd edək ki, açıqlanan 24 min nəfərlik göstərici qeydiyyatdan keçən iştirakçıların sayıdır. Finişə çatan qaçışçıların yekun sayı yarışlardan sonra məlum olacaq.

İdman.Biz