İrlandiyanın atletika üzrə Avropa çempionu Siara Magian 34 yaşında vəfat edib.
İdman.Biz xəbər verir ki, tanınmış idmançı noyabrın 1-də səhər saat 06:30-da yaxınlarının əhatəsində dünyasını dəyişib.
Bu barədə onun sosial şəbəkə hesabında açıqlama yayımlanıb.
“Bu səhər saat 06:30-da Siara yaxınlarının əhatəsində xərçənglə mübarizəsini uduzdu. Sevimli qız, bacı, həyat yoldaşı, dost və çoxları üçün ilham mənbəyi olan Siara üçün çox darıxacağıq”, - deyə açıqlamada bildirilib.
Magian 2025-ci ilin iyulunda xərçəng xəstəliyinə tutulduğunu ictimaiyyətə açıqlayıb. Ona dördüncü mərhələdə olan bağırsaq xərçəngi diaqnozu qoyulub.
Orta məsafələrə qaçış üzrə ixtisaslaşan idmançı 2024-cü ildə İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında 1500 metr məsafəyə qaçışda qızıl medal qazanıb.

O, 2016-cı ildə Avropa çempionatının bürünc, 2022-ci ildə isə gümüş medalına sahib çıxıb. Həmçinin 2022-ci ildə Birlik Oyunlarında ikinci yeri tutub.
İrlandiyalı atlet 2016-cı ildə Rio-de-Janeyroda və 2021-ci ildə Tokioda keçirilən Olimpiya Oyunlarında iştirak edib.
Magian Paris-2024 Olimpiadasında da çıxış etməli idi. Lakin Axilles vətərindəki zədə səbəbindən ilk yarışına bir gün qalmış mübarizədən kənarda qalıb.
Tanınmış idmançı 800, 1000 və 1500 metr, eləcə də bir mil məsafəyə qaçışda İrlandiya rekordlarının sahibi olub.

