Azərbaycan atletikasının parlaq simalarından biri Nazim Babayev böyük idmana qayıdıb.
Bu barədə İdman.Bizə Azərbaycan Atletika Federasiyasının baş katibi Məhərrəm Sultanzadə məlumat verib.
Onun sözlərinə görə, atlet karyerasını başa vurmaq qərarından vaz keçib. Babayev hazırda 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya
Oyunlarına lisenziya qazanmaq üçün hazırlıqlara başlayıb.
Qeyd edək ki, idmançı daha əvvəl belində yaranan problemlə üzləşmişdi. Babayev həkimlərlə məsləhətləşdikdən sonra onların karyerasını davam etdirməyə icazə verdiyini bildirib.
Nazim Babayev üç təkanla tullanmada Azərbaycan atletikası tarixində mühüm uğurlara imza atıb. O, qapalı məkanlarda keçirilən Avropa çempionatında üç təkanla tullanmada qızıl medal qazanaraq Azərbaycan üçün tarixi nəticəyə imza atıb.
Bundan əlavə, Babayev iki dəfə Ümumdünya Yay Universiadasının, həmçinin İslam Həmrəyliyi Oyunlarının qalibi olub.
Xatırladaq ki, Nazim Babayev bu ilin iyununda Azərbaycan Atletika Çempionatında karyerasını başa vurduğunu açıqlamışdı. Lakin titullu atlet qərarını dəyişərək böyük idmana qayıtmaq və Los-Anceles Olimpiadasına vəsiqə uğrunda mübarizə aparmaq qərarına gəlib.
