“İdmançı karyeramda son nöqtəni 2028-ci il Olimpiadasında qoymaq istəyirəm” - Nazim Babayevin İDMAN.BİZ-ə AÇIQLAMASI

2 Oktyabr 2026 17:38
99
“İdmançı karyeramda son nöqtəni 2028-ci il Olimpiadasında qoymaq istəyirəm” - Nazim Babayevin İDMAN.BİZ-ə AÇIQLAMASI

Azərbaycan atletikasının tanınmış üzvü Nazim Babayev iyun ayında karyerasını başa vurduğunu elan etdikdən sonra yenidən peşəkar idmana qayıtmasının səbəbini açıqlayıb.

Üçtəkanla tullanmada ixtisaslaşan idmançı İdman.Biz-ə bildirib ki, idmana qayıtmaq təklifi ona Azərbaycan Atletika Federasiyası tərəfindən irəli sürülüb.

“Federasiyaya yeni idman direktoru Mariana Vasileva gəldikdən sonra bir iclas keçirildi və həmin iclasda karyeramı davam etdirəcəyimlə bağlı qərar verdik. Həm federasiya tərəfindən belə bir təklif oldu, həm də özümdə istək var idi. Qərar verildi ki, yavaş-yavaş məşqlərə qayıdım. Federasiya bu prosesdə tam dəstək olacağını, müalicəm və hazırlığım üçün nə tələb olunursa, qarşılayacağını bildirdi. Bundan əvvəl də bunları qarşılayırdı, amma daha yüksək səviyyədə dəstək göstəriləcəyini qeyd etdilər. Mən də düşündüm ki, sınamağa dəyər. Əlbəttə ki, əsas hədəf Los-Anceles Olimpiadasına lisenziya qazanmaqdır”, - deyə o qeyd edib.

Babayevin karyerasını başa vurmaq qərarının əsas səbəbi bel zədəsi olub. İdmançının sözlərinə görə, bu problemlə əlaqədar federasiya Almaniyadan mütəxəssis cəlb edib və atletin bərpası üçün bütün lazımi addımlar atılır. O, həmçinin bildirib ki, millimizin bütün idmançıları dəstəkləmək məqsədilə komandaya digər xarici mütəxəssislər də cəlb olunur.

Avropa çempionumuz idmana qayıtmaq qərarına yaxınlarının reaksiyasından və ailəsinin bu qərara təsir edib-etmədiyindən də danışıb:

“Əlbəttə ki, dəstəklədilər. Karyeram çox uzun olub, karyeramla hamı tanışdır və atletikada, demək olar ki, bütün nəticələrim tarixi nəticələr olub. Bu seçimdə həm federasiya, həm də yaxınlarım mənə dəstək olacağını bildirmişdilər. Əgər qayıtmaq yolunu seçsəm, yanımda olacağını dedilər. Amma seçim yalnız məndən asılı idi”.

Karyerasının müəyyən mərhələsində çoxsaylı zədələr səbəbindən Nazim Babayev üçtəkanla tullanmadan uzunluğa tullanmaya keçib. Lakin reabilitasiya prosesi başa çatdıqdan sonra idmançı üçtəkanla tullanmada məşqləri davam etdirmək istəyir.

“Hədəf Olimpiya lisenziyası qazanmaqdırsa, üçtəkanla tullanmada çıxış etmək mənim üçün daha realdır. Uzunluğa tullanmadan başlayıb, sonra üçtəkanla tullanmaya keçəcəyəm. Bu mənim əsas növümdür”, - deyə o vurğulayıb.

Nazim Babayev əlavə edib ki, qarşıdakı dörd-beş ay ərzində əsas məqsədi bərpa prosesinə maksimum məsuliyyətlə yanaşmaq, zədələrin onu narahat etməməsinə nail olmaq və fiziki formasını optimal vəziyyətə gətirməkdir. İdmançı bildirib ki, Azərbaycan çempionatında və beynəlxalq turnirdə iştirak etmək istərdi, lakin bununla bağlı qərar onun hansı formada olacağından asılı olaraq komanda şəklində qəbul ediləcək.

Babayev qayıdışından sonra perspektivlərinə müsbət yanaşır və Los-Anceles Olimpiadasının karyerasını parlaq şəkildə başa vurmaq üçün son mərhələ ola biləcəyini qeyd edib:

“Motivasiyam var, həmişə olub. Böyüklər və yeniyetmələr arasında olimpiadalarda iştirak etmişəm. Uşaqlıqdan həmişə belə bir arzum olub, ailə üzvlərimə də demişəm ki, dörd Olimpiadada iştirak etmək istəyirəm. Düşünürəm ki, bu, mənim üçün bir şansdır. Əlbəttə ki, istəyim həmişə var. Onsuz da karyeramı bitirdikdən sonra bu idmanın içində qalacaqdım və qalıram da. Akademiyam fəaliyyət göstərir. Amma idmançı kimi düşünürəm ki, son nöqtəm Los-Anceles Olimpiadası ola bilər”.

İdman.Biz