Elnur Məmmədov: “Hər birimiz bu gün qürur hissi keçiririk”

Xəbərlər
29 Fevral 2024 09:35
161
Elnur Məmmədov: “Hər birimiz bu gün qürur hissi keçiririk”

“Hamımız birlikdə bu tarixi hadisəni yaşayırıq”.

İdman.biz xəbər verir ki, bunu Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov Xankəndində təşkil olunan ultra marafon yarışından sonra jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, “İdman həftəsi” çərçivəsində “Qürurla irəli” şüarı altında təşkil edilən növbəti tədbir çox qürurvericidir: “Mənfi dərəcə hava şəraitində hər birimiz bu gün qürur hissi keçiririk. 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə belə silsilə tədbirlərimiz baş tutacaq. Həmçinin 2024-cü ilin İdman paytaxtı olan Quba şəhərində də “İdman günü” münasibəti ilə parad təşkil ediləcək. Şəhid və qazi ailələri üçün də müxtəlif tədbirlərimiz olacaq. Həmçinin qanvermə aksiyası da keçiriləcək”.

Qeyd edək ki, ultra marafon iştirakçıları Xankəndi - Yevlax (83 km), Yevlax - Ucar (84 km), Ucar - Hacıqabul (88 km), Hacıqabul - Qobustan (70 km) və Qobustan - Bakı (55 km) mərhələlərini keçməklə, martın 4-də Bakıya çatacaqlar. Hər mərhələnin qalibləri ayrılıqda təltif ediləcəklər. Ultra marafonun ümumi qalibləri isə baş mükafata layiq görüləcəklər.

Banuçiçək Hüseynli
İdman.biz