Atletika üzrə dünya çempionatlarının 2029 və 2031-ci illərdə keçiriləcəyi şəhərlər müəyyənləşib.
İdman.Biz xəbər verir ki, Dünya Atletikası Şurasının Budapeştdə keçirilən 242-ci iclasında 2029-cu il dünya çempionatının Keniyanın paytaxtı Nayrobiyə, 2031-ci il yarışının isə Almaniyanın Münhen şəhərinə verilməsi barədə qərar qəbul olunub.
Bununla da 2029-cu ildə atletika üzrə dünya çempionatı tarixdə ilk dəfə Afrika qitəsində təşkil ediləcək. Nayrobi daha əvvəl 2017-ci ildə U-18, 2021-ci ildə isə U-20 dünya çempionatına ev sahibliyi edib. 2029-cu ilin yarışları yenilənən “Kasarani” stadionunda keçiriləcək.
2031-ci ildə dünya çempionatı Münhendəki Olimpiya Stadionunda təşkil olunacaq. Bununla yarış 2009-cu ildə Berlində keçirilən dünya çempionatından sonra ilk dəfə Almaniyaya qayıdacaq. Ümumilikdə Almaniya mundiala üçüncü dəfə ev sahibliyi edəcək.
Dünya Atletikasının prezidenti Sebastian Kou bildirib ki, hər iki şəhərin namizədliyi güclü olub və Nayrobidə çempionatın keçirilməsi Afrika atletikası üçün tarixi hadisədir.
Qeyd edək ki, növbəti atletika üzrə dünya çempionatı 10-19 sentyabr 2027-ci ildə Pekində keçiriləcək. Nayrobi-2029 və Münhen-2031 çempionatlarının da sentyabr ayında təşkili nəzərdə tutulub.
