Keniyalı atlet Aqnes Nqetiç Danimarkanın paytaxtı Kopenhagendə keçirilən şosse qaçışı üzrə dünya çempionatında növbəti böyük uğuruna imza atıb.
İdman.Biz “World Athletics”ə istinadən xəbər verir ki, 25 yaşlı idmançı yarımmarafon məsafəsini 1 saat 5 dəqiqə 15 saniyəyə qət edərək qadınların ayrıca startı üzrə yeni dünya rekordu müəyyənləşdirib. Nqetiç həmyerlisi Peres Cepçirçirin 2020-ci ildə Gdinyada qeydə aldığı 1:05:16 nəticəsini bir saniyə yaxşılaşdırıb.
Nqetiç yarışa yüksək templə başlayıb və artıq beş kilometrdən sonra rəqiblərini 10 saniyə qabaqlayıb. O, həmin məsafəni 15:12, 10 kilometri 30:39, 15 kilometri isə 46:17 nəticə ilə keçib.
Keniyalı atlet 20 kilometr nişanına 1:01:56 nəticə ilə çatıb və finiş xəttini 1:05:15-də keçərək tarixi nəticəyə imza atıb. O, ikinci yeri tutan həmyerlisi Veronika Loleonu 50 saniyə qabaqlayıb. Ruandalı Florens Niyonkuru isə 1:06:08 nəticə ilə ölkə rekordunu yeniləyərək bürünc medal qazanıb.
Bu, Nqetiçin 2026-cı ildə ikinci dünya çempionluğu olub. O, yanvarda Tallahassidə keçirilən kross üzrə dünya çempionatında da qızıl medal qazanıb.
Qeyd edək ki, Dünya Atletika Çempionatı 2029-cu ildə Keniyanın paytaxtı Nayrobidə keçiriləcək. Bu, yarış tarixində ilk dəfə dünya çempionatının Afrikada təşkili olacaq.
