Bakıda lisenziya xarakterli turnirin açılış mərasimi olub - FOTO

Xəbərlər
2 Fevral 2024 15:53
183
Bakıda lisenziya xarakterli turnirin açılış mərasimi olub - FOTO

Əməkdar məşqçi Aleksandr Antipovun xatirəsinə həsr olunmuş Bakı beynəlxalq qış turnirinin açılış mərasimi keçirilib.

İdman.biz xəbər verir ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası (AAF) və “Atletika” İdman Klubunun təşkilatçılığı ilə keçirilən tədbir Respublika Olimpiya Mərkəzində baş tutub.

Mərasimdə Azərbaycan Atletika Federasiyasının vitse-prezidenti Könül Nurullayeva, Gənclər və İdman Nazirliyinin sektor müdiri Sevda Mirzəyeva, federasiya nümayəndələri, atletlər və media nümayəndələri iştirak ediblər.

Bakı beynəlxalq turniri atletlərin paradı ilə başlayıb.

Mərasimi giriş sözü ilə açan Könül idmançılara uğurlar arzulayıb: “Bizim üçün bu tədbirin dəyəri çox böyükdür. Çünki əməkdar məşqçimiz Aleksandr Antipovun əziz xatirəsinə həsr olunub. İnanıram ki, hər biriniz yüksək nəticələrlə bu turnirdən ayrılacaqsınız. Federasiyada 27 il ərzində həqiqətən böyük işlər görülür”.

Sevinc Mirzəyeva bütün idmançıları, məşqçiləri Gənclər və İdman Nazirliyi adından salamayıb. O, bu tədbirin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Saxa Respublikasının Yakut tullanmaları Milli İdman Federasiyasının icraçı direktoru Maksim Oyeqosturov da çıxış edərək yüksək təşkilatçılıq üçün Azərbaycan Atletika Federasiyasına öz minnətdarlığını bildirib: “Bütün idmançılara uğurlar arzulayıram. İnanıram ki, güclü qalib gələcək”.

Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Rəsmi çıxışlardan sonra turnir açıq elan olunub. Yarış 2 gün davam edəcək.

Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq yarışda 80 idmançının iştirak etdiyi turnirdə Azərbaycan 52 idmançı ilə təmsil olunur. Turnirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Rusiyanın Saxa Respublikasından (Yakutiya) atletlər öz güclərini sınayacaqlar.

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə: