Braziliyalı marafonçu Daniel Ferreira do Nascimento iyunun 19-dan itkin düşüb və onun yeri barədə indiyədək dəqiq məlumat yoxdur.
İdman.Biz “The Sun”a istinadən xəbər verir ki, 28 yaşlı idmançı sonuncu dəfə San-Paulu ştatının Paraquasu-Paulista şəhərində görülüb. Ailəsinin məlumatına görə, o, evdən yalnız qara rəngli bel çantası ilə çıxıb və mobil telefonunu özü ilə götürməyib.
Nascimentonun anası sosial şəbəkədə müraciət yayaraq oğlunun yeri barədə məlumatı olan şəxslərdən polisə xəbər vermələrini istəyib. Braziliya Atletika Konfederasiyası da idman ictimaiyyətini axtarışlara dəstək verməyə çağırıb.

Polis Nascimentonun yoxa çıxmasından bir neçə gün sonra Assis şəhərində görüldüyünə dair məlumatı da araşdırır. Bu şəhər onun sonuncu dəfə görüldüyü ərazidən təxminən 35 kilometr uzaqlıqdadır. Məlumata əsasən, marafonçu yoldan keçən şəxsdən su istəyib və hələ uzun müddət piyada getməli olduğunu deyib.
Nascimento Tokio-2020 Yay Olimpiya Oyunlarında Braziliyanı təmsil edib. O, 2022-ci ildə Seul marafonunu 2 saat 4 dəqiqə 51 saniyəyə başa vuraraq Braziliya və Cənubi Amerika rekorduna imza atıb.
