“Olimpiya təsnifatından əvvəl strateji qərar qəbul etdik” - Yekaterina Sarıyevanın İDMAN.BİZ-ə AÇIQLAMASI

17 İyul 2026 09:58
153
“Olimpiya təsnifatından əvvəl strateji qərar qəbul etdik” - Yekaterina Sarıyevanın İDMAN.BİZ-ə AÇIQLAMASI

Azərbaycanlı atlet Yekaterina Sarıyeva cari mövsümü yeni olimpiya mövsümünün başlanğıcı ərəfəsində hazırlıq mərhələsi kimi dəyərləndirir.

Şımkentdə keçirilən XXXV Kosanov Memorialında gümüş medal qazanan üçtəkanla tullanma ustası İdman.Biz-ə formasını necə yüksəltdiyindən danışıb.

“Bu mövsüm əsas təkan verdiyim ayağı dincəltmək və digər ayaqla tullanaraq yarışmaq qərarına gəldik. Bu, bir növ strateji qərardır. Çünki gələn il olimpiya təsnifat dövrü başlayır. Bizim üçün həmin mərhələyə optimal vəziyyətdə çatmaq və olimpiya normativini yerinə yetirmək çox vacibdir. Buna görə də bu mövsümü həm də yeni şəraitə uyğunlaşmaq və növbəti il üçün möhkəm baza formalaşdırmaq imkanı kimi qiymətləndiririk”, - deyə Sarıyeva bildirib.

O əlavə edib ki, Qazaxıstanda keçirilən “World Athletics” Kontinental Turunun bürünc səviyyəli turnirində daha yüksək nəticə gözləyirdi.

“Yarış təəssüf ki, planlaşdırdığım kimi keçmədi. 13,47 metr tullandım, amma nəticədən narazı olmaq olmaz. Hər nəticə, hər start təcrübədir. Buna görə də lazımi nəticələri çıxardım, qarşıma yeni vəzifələr qoydum və yoluma davam edirəm. Mən maksimalist insan olduğum üçün bir qədər fərqli nəticələr gözləyirdim. Əlbəttə, onlar indiki nəticələrimdən o qədər də uzaq deyil. Amma necə deyərlər, hər işdə bir xeyir var. Əsas odur ki, üzərində işləməli məqamlar var. İnsan işləyəcəyi sahə olduğu müddətdə heç nə itirilməyib. Əlbəttə, düzgün istiqamətdə irəliləyirəm”, - deyə Sarıyeva qeyd edib.

Atlet gələcək planlarından da danışıb.

“Mövsüm hələ başa çatmayıb, qarşıda Avropa çempionatı var. Hazırda reytinqdə ilk 30-luqdayam. Amma bu, kifayət qədər kövrək mövqedir və məni oradan geridə qoya bilərlər. Buna görə də ən yaxın planım Qazaxıstanda keçiriləcək daha bir turnirdə iştirak etmək, reytinqdə mövqeyimi möhkəmləndirmək, hətta yaxşılaşdırmaq, daha sonra isə avqustda Böyük Britaniyada keçiriləcək Avropa çempionatına hazırlaşmaqdır. Hələlik planlar bunlardır”, - deyə Sarıyeva fikrini yekunlaşdırıb.

İdman.Biz