18 yaşlı atlet rekord nəticədən sonra diskvalifikasiya edildi

26 İyul 2026 20:49
90
18 yaşlı atlet rekord nəticədən sonra diskvalifikasiya edildi

Rusiyanın 18 yaşlı yüngül atletikaçısı Nikolay Qrudkovski Yekaterinburqda keçirilən ölkə çempionatında 200 metr məsafəyə qaçışın qalibi olsa da, sonradan diskvalifikasiya edilib.

İdman.Biz xəbər verir ki, Sankt-Peterburqu təmsil edən idmançı finişə 20,27 saniyəyə çatıb. Bu göstərici ilə Qrudkovski bir sıra rekord nəticələri üstələsə də, hakimlərin qərarından sonra onun nəticəsi ləğv olunub. Buna atletin qaçış zamanı qonşu cığırla ayırıcı xəttə basması səbəb olub.

Diskvalifikasiyadan sonra 20,56 saniyə nəticə göstərən Aleksandr Nikolayev Rusiya çempionu elan edilib. Andrey Lukin 20,61 saniyə ilə ikinci, Aleksandr Mironov isə 20,78 saniyə ilə üçüncü yeri tutub.

Qeyd edək ki, Qrudkovski bu çempionatda 100 metr məsafəyə qaçışda 10,16 saniyə nəticə ilə qızıl medal qazanıb.

İdman.Biz