Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən Azərbaycan çempionatına yekun vurulub.
İdman.Biz xəbər verir ki, son yarış günü titullu atletimiz Nazim Babayevin karyerasındakı son çıxışı ilə yadda qalıb.
Beləliklə, Azərbaycan atletikasının parlaq simalarından biri böyük idmanla vidalaşıb. 28 yaşlı atletimiz 2019-cu ildə Qlazqoda qapalı məkanda keçirilən Avropa çempionatında üç təkanla tullanma növündə qızıl medal qazanaraq tarixi uğura imza atıb.
Nazim Babayev iki dəfə Yay Universiadasının, həmçinin İslam Həmrəyliyi Oyunlarının çempionu olub. O, yeniyetmələr və gənclər arasında keçirilən ən mötəbər yarışlarda da çoxsaylı nailiyyətlər qazanıb.
