“Kiçik ölkələr arasında atletika üzrə Avropa çempionatı mənim üçün çox uğurlu keçdi. 400 metr məsafəyə qaçışda üçüncü yeri tutdum. Həmçinin İsveç estafetində 400 metrlik mərhələdə çıxış etdim və Azərbaycan millisi bürünc medal qazandı”.
Bunu İdman.Biz-ə açıqlamasında 19 yaşlı azərbaycanlı atlet İlahə Quliyeva deyib.
Bu yarışlarda qazandığı iki bürünc medaldan əlavə, o, 400 metr məsafədə Azərbaycan rekordunu da yeniləyib. İdmançı məsafəni 54,64 saniyəyə qət edib. İlahə ilk dəfə bu növdə ölkə rekordunu 2023-cü ildə 18 yaşadək atletlər arasında keçirilən Avropa Gənclər Olimpiya Festivalında (EYOF) müəyyənləşdirib.
Hazırda ona 400 metr məsafədə U20, U23 və böyüklər arasında Azərbaycan rekordları, həmçinin qapalı məkanda 200 metr məsafədə U20 yaş kateqoriyası üzrə ölkə rekordu məxsusdur.
“400 metr çox çətin məsafədir. Amma buna baxmayaraq, onu sevirəm. Hazırda məqsədim 400 metri 53 saniyəyə qaçmaq və açıq stadionda 200 metr məsafədə U20 yaş kateqoriyası üzrə Azərbaycan rekordunu yeniləməkdir”, - deyə o bildirib.
İlahə Quliyevanın sözlərinə görə, ən böyük arzularından biri Olimpiya Oyunlarında iştirak etməkdir:
“Bu məqsəd naminə böyük əzmlə çalışıram. Olimpiadada məhz 400 metr məsafəyə qaçmaq istərdim”.
Atlet hazırda iyunun 12-13-də keçiriləcək Azərbaycan çempionatına hazırlaşır. Daha sonra onu Yunanıstanda təşkil olunacaq Balkan atletika çempionatı və ilin əsas yarışı sayılan ABŞ-də keçiriləcək U-20 dünya çempionatı gözləyir.
“Mən ilk dəfədir dünya çempionatında çıxış etmək imkanı əldə etmişəm”, - deyə İlahə Quliyeva əlavə edib.
