Jalə Əliyeva finaldakı məğlubiyyətin səbəbini açıqlayıb: “Məqsədlərimə çatana qədər mübarizə aparacağam”

Xəbərlər
28 Oktyabr 2023 15:12
134
Jalə Əliyeva finaldakı məğlubiyyətin səbəbini açıqlayıb: “Məqsədlərimə çatana qədər mübarizə aparacağam”

“Finalda məğlubiyyət məni daha çox uğur qazanmağa köklədi. Məqsədlərimə çatana qədər mübarizə aparacağam”.

Bunu İdman.biz saytına müsahibəsində güləş üzrə U-23 dünya çempionatında gümüş medal qazanan Jalə Əliyeva (57 kq) deyib.

Albaniyanın paytaxtı Tiranda keçirilən mundaldakı çıxışını dəyərləndirən yığma üzvü bildirib ki, yarımfinal görüşündə həyəcanlı olub: “Dünya çempionatı asan olmur, titullu güləşçilər çıxış edir. Yarımfinal görüşümdə bir qədər həyəcanlı idim. Qələbə qazanacağıma əmin idim və bunu bacardım. Yarışa yüksək səviyyədə hazırlaşmışdıq. İnanıram ki, bundan sonra daha yaxşı nəticələr əldə edəcəyəm”.

Əliyeva finalda yaponiyalı Sara Natamiyə məğlubiyyətin səbəbini də açıqlayıb: “Əsas səbəb fiziki olaraq dözümlülükdə rəqibimdən geri qalmağım oldu. Bunun üzərində işləyəcəm. Ondan sonra daha yaxşı nəticələrə imza atacam”.

Onun sözlərinə görə, gələcək hədəfləri çox böyükdür: “Qarşıda bizi Olimpiya lisenziya turniri gözləyir və ona hazırlaşacağam. Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq üçün əlimdən gələni edəcəyəm”.

Qeyd edək ki, Azərbaycanın qadınlardan ibarət milli komandası Tiranada U-23 dünya çempionatını 2 medalla bitirib. Ölkəmizə bürünc mükafatı isə Elnurə Məmmədova (50 kq) qazandırıb.

Emin Ağa

İdman.biz