Qadın güləşi üzrə Azərbaycan millisi dünya çempionatına hazırlıq məqsədilə Qazaxıstana yollanıb.
İdman.Biz xəbər verir ki, böyük məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında Jalə Əliyeva (57 kq), Ruzanna Məmmədova (59 kq) və Birgül Soltanovadan (65 kq) ibarət heyət oktyabrın 12-dən Almatıda son təlim-məşq toplanışına başlayıb.
Oktyabrın 24-dək davam edəcək hazırlıq prosesi Qazaxıstan və Rumıniya yığmaları ilə birgə təşkil olunub. U-23 dünya çempionatı başa çatdıqdan sonra baş məşqçi əvəzi Toğrul Əsgərov da toplanışa qatılacaq.
Hazırlıq zamanı əsas diqqət taktiki-texniki çalışmalara və rəqiblərin oyun üslubunun təhlilinə yönəldilib.
Toplanış başa çatdıqdan sonra Azərbaycan millisi Almatıdan Astanaya yollanacaq.
Qeyd edək ki, dünya çempionatında qadın güləşi üzrə yarışlar oktyabrın 27-dən 30-dək keçiriləcək.
