Azərbaycanın yeniyetmə sərbəst güləşçiləri Rusiyanın Vladiqafqaz şəhərində olimpiya çempionu David Musulbesin şərəfinə keçirilən beynəlxalq turnirdə iki qızıl medal qazanıblar.
İdman.Biz xəbər verir ki, oktyabrın 10–11-də təşkil olunan yarışda 15 ölkədən 16 yaşadək 300-dən artıq güləşçi mübarizə aparıb.
Avropa çempionu Elvin Necəfzadə 85 kq çəki dərəcəsində bütün rəqiblərinə tam üstünlüklə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Avropa mükafatçısı Cavanşir Süleymanov isə 44 kq-da çempion olub.
Azərbaycan təmsilçiləri turnirdə U-15 millisinin böyük məşqçisi Emin Əzizov və məşqçi Elşad Allahverdiyevin rəhbərliyi altında çıxış ediblər.
Qeyd edək ki, yarışda III dərəcəli beynəlxalq hakim Nihad Muradov da ədaləti qoruyub.
